Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi artıma təminat

İqtisadi artıma təminat

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası ölkəmizdə makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığını daha da möhkəmləndirib, iqtisadi inkişaf  sahəsində dövlət siyasətinin prioritetlərini reallaşdırmağa əlverişli imkan yaradıb. Gələn ilin dövlət büdcəsi zərfində də bu istiqamətlərin davam etdirilməsi nəzərdə tutulub.  

 

Azərbaycan Respublikasının 2019-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri də büdcə sistemi haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanıb. Bu zaman dünya iqtisadiyyatının inkişaf meyilləri və qlobal çağırışlar, dövlət başçısı tərəfindən təsdiq edilən strateji yol xəritələri, inkişaf konsepsiyaları, habelə dövlət proqramları ilə müəyyənləşdirilən tədbirlər nəzərə alınıb. 
Bütün bunlar, şübhəsiz ki, sahibkarlığın inkişafına  öz müsbət təsirini göstərəcək. Gələn ilin dövlət büdcəsi sənədlərindən aydın görünür ki, özəl bölmədə iqtisadi artım qarşıdakı ildə də davam edəcək. Əsas kapitala investisiya qoyuluşlarının 17,9 milyard manat, o cümlədən xarici investisiyaların 7,5, daxili sərmayələrin 10,4 milyard manat təşkil edəcəyi bunu deməyə əsas verir.  
Burada bir məqamı da xatırladaq. Gələn il vergi sistemində köklü islahatlar həyata keçirilməsi nəzərdə tutulur. Bu, Prezident ­İlham Əliyevin Milli Məclisə daxil olan təqdimatlarının müzakirəsi zamanı da qeyd edilib. Bildirilib ki, Vergi Məcəlləsində və digər qanunlarda köklü islahatlar aparılmasından məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır. Nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.
Nəzərə alaq ki, reallaşdırılacaq islahatlar Prezident ­İlham Əliyevin dünya iqtisadiyyatında baş verən prosesləri, onların Azərbaycana təsirini obyektiv qiymətləndirməsi, dövlət və özəl sektor münasibətlərinin əməkdaşlıq səviyyəsinə çatması üçün sistemli tədbirlər həyata keçirilməsi ilə əlaqədardır. Hazırda bu istiqamətdə ölkədə müəyyənləşdirilən strateji kursun reallaşması üçün icra mexanizmi yaradılır, hökumət strukturları, o cümlədən iqtisadi qurumlar arasında koordinasiya işinin səviyyəsinin yüksəlməsinə nail olunur. İqtisadi- siyasi, hüquqi islahatların əlaqəli şəkildə həyata keçirilməsi, ölkənin iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması istiqamətində atılan uğurlu addımlar nəticəsində beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçirilməsi diqqət mərkəzində saxlanılır. Dövlət başçısının apardığı uğurlu siyasət ölkənin milli maraqlarının qorunmasına xidmət edir. İqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir ki, bu gün dünyada baş verən maliyyə böhranı Avropa, ABŞ və digər çoxsaylı ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatı üçün sarsıntılar yaratmır.  
İndi isə sahibkarlığın inkişafına təkan verəcək bəzi məqamlara nəzər salaq. İqtisadi artıma dəstək istiqaməti olaraq sahibkarlar üçün 2019-cu ildən vergi yükünün azaldılması ilə bağlı tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bunların arasında ən nəzərəçarpanı neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərinə muzdlu işdən aylıq gəlir vergisi üzrə 7 il müddətində güzəştin, bununla yanaşı, güzəştin alıcıları üçün məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün bir hissəsinin işçinin üzərinə ötürülməsidir. Bu islahatın əsas qayəsini iqtisadi fəaliyyətin stimullaşdırılması məqsədilə məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi arasında bölgüsünün daha da optimallaşdırılması, uçotda olmayan iş yerlərinin və orada çalışan işçilərin əməkhaqlarının leqallaşdırılması hesabına işləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsinə zəmin yaradılmasıdır. Növbəti ildə qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştinin daha beş il müddətinə uzadılması nəzərdə tutulur.
Növbəti ilin dövlət büdcəsində kiçik və orta biznesin inkişafına 30 milyon manat, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması tədbirləri üçün 20 milyon manat, bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün 5 milyon manat vəsait  proqnozlaşdırılıb. 
Ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlər üçün gələn ilin dövlət büdcəsindən 27 milyon manat vəsait ayrılacaq. Bu da cari illə müqayisədə 80 faiz çoxdur.   
Bütün bunlar isə o deməkdir ki, növbəti illərdə də iqtisadi artımın davam etdirilməsi aparılacaq iqtisadi siyasətin əsas məqsədlərindən biri olacaq. Bununla əlaqədar, bir tərəfdən neft gəlirlərindən optimal istifadə və büdcə dayanıqlılığının təmin olunması, digər tərəfdən isə iqtisadi artım üçün münbit şəraitin formalaşdırılması, xüsusilə özəl sektor tərəfindən iqtisadiyyata investisiyaların artırılması əsas prioritetlərdəndir. Bu baxımdan xarici və daxili investorlar üçün əlverişli biznes mühitinin yaradılması, biznesin vergi yükünün optimallaşdırılması, maliyyə-bank sektoru tərəfindən sahibkarlara kredit dəstəyinin verilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ekspertlərin fikrincə,  “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrində əsas diqqətçəkən məqamlardan biri odur ki, gələn il büdcə xərclərinin 42 faizi, yəni, 10 milyard manatdan çox hissəsi müvafiq proqramlar əsasında xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat çoxdur.
Respublikamızda iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasəti prioritetlərinin uğurla reallaşdırılması da qarşıdakı il ərzində iqtisadi artımı təmin etməyə  əlverişli imkan yaradıb. Büdcə sənədlərindən aydın görünür ki, iqtisadi artım 2019-cu ildə də davam edəcək. Belə ki, əsas iqtisadi göstərici olan ümumi daxili məhsulun gələnilki artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. İqtisadiyyata investisiya qoyuluşunun cari ilə nisbətdə 2,2 faiz çox olması da iqtisadiyyatımızın inkişafından xəbər verir.
Qarşıdakı il ərzində iqtisadi artımın təmin edilməsindən söz düşmüşkən, ekspertlər onu da vurğulayırlar ki, təqdim olunmuş sənədlərdə icmal büdcənin xərcləri 27 milyard 372 milyon manat, dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manat məbləğlərində və ya cari illə müqayisədə müvafiq olaraq 797 milyon manat, 3 faiz və 1 milyard 680 milyon manat, 7,3 faiz çox nəzərdə tutulur. Göstərilən xərclərin məbləği büdcə qaydasında əks olunan üç meyara tam uyğundur. Həm xalis maliyyə aktivlərinin müəyyən edilmiş nisbət göstəricisindən azdır və cari ilin icmal və dövlət büdcələrinin xərclərinin 103 faizindən üstün deyil, həm də icmal büdcənin qeyri-neft baza kəsirinin ümumi daxili məhsulun nisbətinin tədricən azaldılması üzrə hədəfi təmin edir. 
Belə ki, bu, cari ilin göstəricisi ilə müqayisədə 1,7 faiz bənd aşağı olacaq. Büdcə xarici risklərin ölkə iqtisadiyyatına mümkün mənfi fəsadları nəzərə alınaraq tərtib olunub, makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi artımı dəstəkləyir.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”

8 Dekabr 2018 00:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə