Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə “Avropanın idman şəhəri” titulunun rəsmi bayrağını təhvil alıb

Gəncə “Avropanın idman şəhəri” titulunun rəsmi bayrağını təhvil alıb

“Avropanın idman paytaxtı” və “Avropanın idman şəhəri” titullarını qazanan şəhərlərin rəsmi təltifolunma mərasimi keçirilib. ACES Europenin təşkilatçılığı ilə keçirilən mərasim Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında  baş tutub. Avropanın idman şəhərləri və qəsəbələri öz titullarını götürərək, 2019-cu il üçün rəsmi bayraqlarını təhvil alıblar. 
2019-cu il üçün “Avropanın idman şəhəri” seçilən Gəncə də mərasimdə təmsil olunub. Təltifetmə mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Xanlar Fətiyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri İlham Quliyev iştirak ediblər. 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2019-cu il üçün “Avropanın idman şəhəri”  titulu əks olunan rəsmi bayrağı qəbul edib. 
Tədbirdə çıxış edən Niyazi Bayramov Avropa Parlamentinin idman siyasətini həyata keçirən təşkilat – ACES-in rəbərliyinə öz təşəkkürünü bildirib. Azərbaycanda həyata keçirilən uğurlu idman siyasətindən danışan N.Bayramov Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu sahənin daha da inkişaf etdiyini,  Gəncənin “Avropanın idman şəhəri” adını layiqincə daşıyacağına əmin olduğunu bildirib. 
Qeyd edək ki “Avropanın idman şəhəri” tutulunu MDB məkanındakı şəhərlər arasında ilk dəfə olaraq Gəncə qazanıb.
Xatırladaq ki, ACES Europe Təşkilatının  Qiymətləndirmə Komitəsinin nümayəndələri bu il may ayının 1-dən 4-dək Gəncədə səfərdə olub. Səfər çərçivəsində şəhərin infrastrukturu, son 3 ildə idman sahəsində görülən işlər və əldə olunan nəticələr, o cümlədən gələcək planlarla bağlı müxtəlif məlumatlar toplayıb, görüşlər keçirib. Nəticədə  16 may tarixində qəbul olunan qərara əsasən Gəncə 2019-cu ilin “Avropanın idman şəhəri” tituluna layiq görülüb.  
ACES Europe hər il 9-19 şəhəri “Avropanın idman şəhəri”, birini isə “Avropanın idman paytaxtı” titulu ilə təltif edir.  

Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

8 Dekabr 2018 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə