Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun

Prezident İlham ƏLİYEV: Çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun

Bugünlərdə ölkəmizdə keçirilən XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2018”-də iştirak etmək üçün ölkəmizə gəlmiş Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verən Prezident İlham Əliyev qazandığımız nailiyyətlərdən söz açıb.  Azərbaycanda ilk dəfə olmadığını deyən televiziyanın əməkdaşı Bakıda həmişə nəyinsə dəyişdiyini görməkdən məmnunluğunu  ifadə edib.
“Rossiya-24” televiziya kanalı əməkdaşının  “Mən bilirəm ki, siz təkcə neft sektorunu inkişaf etdirmirsiniz, həm də diqqəti qeyri-neft sektoruna yönəldirsiniz. Siz burada nəyi inkişaf etdirmək istərdiniz?” – sualını cavablandıran dövlətimizin başçısı deyib ki, dünyada neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Prezident qeyd edib ki, biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Ölkəmizdə bütövlükdə, investisiya, biznes mühiti yaxşılaşır: “Dünya Bankının son məlumatlarına, “Doing business” hesabatına görə Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından çox mühümdür. Bu, bizim üçün prioritet olan sahələrdən biridir və təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkətləri var. Yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu, o deməkdir ki, ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri yaratmır”.
Ölkə başçısı vurğulayıb ki, biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun.  Azərbaycanda demoqrafik artımı nəzərə almaqla biz çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun.
Göründüyü kimi, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilmiş  uzunmüddətli siyasi kurs  20-30 il bundan sonranı da nəzərdə tutub. Artıq Azərbaycanda bu gün dünyaya gələn hər bir uşağın gələcək taleyi indidən müəyyənləşdirilir. Yeni yaradılan daimi iş yerləri, beynəlxalq standartlar səviyyəsində açılan istehsal və sənaye müəssisələri yetişən gənc nəslin qarşılaşdığı problemlərin aradan qaldırılmasında  əhəmiyyətli rol oynayacq .
Son illər ölkəmizə turist axınının çoxalması və bunlar arasında  hazırda ən çox turistin  Rusiyadan olduğunu, bunun səbəbi ilə maraqlanan televiziya əməkdaşının  verdiyi sualı cavablandıran dövlətimizin başçısı diqqətə çatdırdı ki, təhlükəsizliyin, rahatlığın təmin olunması səviyyəsi, Azərbaycan xalqının qonaqpərvərliyi, eyni zamanda, tarixi abidələr, iqlim – bunlar  turistlərin  ölkəmizə  gəlmələrinin əsas səbəblərindəndir. Bəli, birinci yerdə Rusiyadan gələn turistlərdir. Ölkə rəhbəri  rusiyalıları məmnunluqla ölkəmizə dəvət edərək dedi ki, biz onların gəlişinə həmişə şadıq:  “İl hələ ki, yekunlaşmayıb, amma 800 mindən çox rusiyalı gəlib. Rusiyalılar inamla birinci yeri qoruyub saxlayırlar. Bizdə son iki ildə turizmin artımı müşahidə edilib. 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz artım olub, bu il hələ ki, bilmirik, amma yenə də artım var. Turistləri, ilk növbədə, burada özlərini təhlükəsiz hiss etdikləri şərait cəlb edir. Rusiyalılara gəlincə, düşünürəm ki, onlar özlərini evdəki kimi hiss edirlər. Burada dil səddi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır”.

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

8 Dekabr 2018 00:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə