Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

Ölkəmizin ilk rəsmi Ünvan Portalı (www.unvanportali.az) istifadəyə verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı ilə geniş təqdimat keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin aparat rəhbəri Azər Bəşirov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 noyabr 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında” əsasnaməyə uyğun olaraq ölkədə müasir Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) qurulub. Bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübələri nəzərdən keçirilib, ən optimal varianta əsasən yeni yanaşmalar tətbiq edilib. Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası”ndan istifadə olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu, beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışına sərf olunan vaxtı minimuma endirir.

İnsanların sosial-məişət rahatlığına hədəflənən yeni ünvanvermə qaydaları poçt, təcili tibbi yardım, fövqəladə hallar və digər xidmətlərin fəaliyyəti zamanı operativliyi təmin edir.

Komitə və  yerli icra hakimiyyətləri ilə birgə aparılan işlər nəticəsində respublikanın şəhər və rayon mərkəzlərində 7244 küçə və prospektə, kənd yaşayış məntəqələri üzrə 19 minə yaxın nəqliyyat infrastrukturu obyektlərinə yeni adlar verilib və yeni yaradılmış ÜRİS-ə daxil edilib. Hazırda ÜRİS-də respublikanın şəhər, rayon mərkəzləri və qəsəbələri olmaqla  ümumilikdə 16155 adlı NİO və onlar üzrə 834 min ədədə yaxın giriş ünvanı, 420 minə yaxın daxili ünvan məlumatları toplanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

7 Dekabr 2018 17:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə