Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkili: Tələb etməliyik ki, Rusiya tərəfi Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət versin

Millət vəkili: Tələb etməliyik ki, Rusiya tərəfi Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət versin

Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn istiqamətdə, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Ölkə prezidentlərinin mütəmadi qarşılıqlı səfərləri, görüşləri bunu bir daha göstərir. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərməyə çalışırlar. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclasında fikirlərinə münasibət bildirərkən deyib.

K.Zatulinin ilk dəfə Dağlıq Qarabağa 1994-cü ildə Robert Koçaryanla bir vertolyotda gəlməsi faktını deputat haqlı olaraq rüsvayçılıq əməli hesab edir: “Təsəvvür edin ki, bu adam ağır cinayətlərdə iştirak etmiş şəxslə Dağlıq Qarabağa gəlir və bu gün bəyan edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq olmaz, Ermənistan yalnız Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizə aparmalıdır. Bununla da o, Düşənbədə əldə olunmuş razılığa və Rusiya Prezidentinin təşəbbüsü ilə aparılan işlərə kölgə salmağa cəhd edir”.

Millət vəkili qeyd edib ki, K.Zatulin bu ilin yazında Yerevanda Nikol Paşinyana qarşı şüarlarla çıxış edib, indi isə guya Rusiya-Ermənistan münasibətlərini düzəltməyə çalışır: “Bu gün Ermənistanda rus millətindən olan 3-4 min insan qalıb, halbuki vaxtilə Ermənistanda 100 mindən artıq rus yaşayıb. Onlar hamısı çıxıb gedib. Reallıq bundan ibarətdir ki, bu gün Ermənistanda siyasi rejim dəyişir və bu fürsətdən istifadə edərək Zatulin və onun kimi hər zaman fürsətdən istifadə etmək istəyənlər yenə də öz məqsədlərini güdürlər”.

Deputat vurğulayıb ki, bu cür hərəkətlərə Rusiya tərəfindən də münasibət bildirilməlidir: “Biz tələb etməliyik ki, Rusiya tərəfi Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət versin”.

7 Dekabr 2018 14:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə