Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI  NAZİRLƏR  KABİNETİNİN  QƏRARI

№ 522 Bakı şəhəri, 4 dekabr 2018-ci il

“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 960-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli 1789 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Yerli icra hakimiyyəti orqanları bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etsinlər. 

 

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

 

Qəbiristanlıqların salınması və idarə olunması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır, qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydaların tələbləri (5.5-ci və 5.6-cı bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) Azərbaycan Respub-likasının Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.

1.3. Bu Qaydaların 4.6.4-cü yarımbəndi, 5-10-cu hissələri (10.1-ci bənd istisna olmaqla), 19.1-ci və 22.2-ci bəndləri bu Qaydalar qüvvəyə minənədək mövcud olan qəbiristanlıqlara şamil edilmir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. qəbiristanlıq - bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin  və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazi;

2.1.2. kütləvi (qardaşlıq) məzarlıq - təbii fəlakət, müharibə və epidemiya nəticəsində baş vermiş kütləvi ölüm hallarında meyitlərin eyni vaxtda qrup şəklində dəfn edildiyi yer;

2.1.3. qəbir yeri - ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının) və ya kremasiya olunmuş meyitin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün qazılmış yer;

2.1.4. dəfn - ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının) adət və ənənəyə və bu Qaydaların tələblərinə uyğun olaraq basdırılması üçün həyata keçirilən mərasim;

2.1.5. dəfnlərin vahid dövlət reyestri - Azərbaycan Respublikasında mövcud olan qəbiristanlıqlarda dəfn edilmiş şəxslər barəsində vahid məlumat bazası;

2.1.6. ekshumasiya - Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada (prosessual ekshumasiya) və ya bu Qaydalarda nəzərdə tutulmuş digər səbəblərdən (qeyri-prosessual ekshumasiya) meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılması;

2.1.7. sanitariya mühafizə zonası - qəbiristanlıqlar üçün ayrılmış ərazi ilə yaşayış və qeyri-yaşayış sahələri arasında ölçüləri bu Qaydalarla müəyyən edilmiş ərazi (quru, su, hava);

2.1.8. ölmüş şəxsin qohumları - ölmüş şəxsin əri (arvadı), uşaqları (övladlığa götürülənlər), valideynləri (övladlığa götürənlər), bacıları və qardaşları, babaları (nənələri), nəvələri, ögey (ümumi ata və ana olan) bacıları və qardaşları, ərinin (arvadının) valideynləri, ərinin (arvadının) bacıları və qardaşları;

2.1.9. dəfnlə bağlı xərcləri çəkən (çəkmiş) digər şəxslər - ölmüş şəxsin qanuni nümayəndəsi və ya bu Qaydaların 2.1.8-ci yarımbəndi ilə müəyyən edilmiş şəxslər istisna olmaqla, ölmüş şəxsin dəfni ilə bağlı bütün xərcləri öz üzərinə götürən digər şəxslər;

2.1.10. qanuni nümayəndə - ölmüş şəxsin qəyyumu və himayəçisi;

2.1.11. kimsəsiz şəxs - ölmüş şəxsin dəfn edilməsi üçün bu Qaydaların 2.1.8-ci,  2.1.9-cu və 2.1.10-cu yarımbəndləri ilə müəyyən edilmiş şəxslərin olmaması və ya həmin şəxslərin onun dəfnindən imtina etməsi nəticəsində qəbiristanlığın müdiriyyəti tərəfindən dəfn olunan şəxs;

2.1.12. kremasiya - ölmüş şəxsin dini mənsubiyyətinə və milli adət və ənənələrə uyğun olaraq, dəfndən əvvəl meyitin xüsusi sobalarda yandırılması;

2.1.13. krematori - meyitin yandırılması üçün xüsusi sobaları və qurğuları olan bina;

2.1.14. kolumbari - krematoridə yandırılmış meyitin külü olan urnaların saxlanıldığı yer;

2.1.15. urna - yandırılmış (kremasiya olunmuş) meyitin külü saxlanılan hermetik xüsusi qab;

2.1.16. qəbirüstü tikililər - dinlərə uyğun olaraq məzarların üstündə quraşdırılmış qəbirüstü daşlar və dayaqlar.

2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində nəzərdə tutulmuş mənaları ifadə edir.

 

3. Qəbiristanlıqların dövlət qeydiyyatı

 

3.1. Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri qəbiristanlığın yerləşdiyi ərazi vahidi üzrə bələdiyyənin müraciətinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir.

3.2. Qəbiristanlıqların reyestri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır.

 

4. Dəfnlərin vahid dövlət reyestri

 

4.1. Dəfnlərin vahid dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

4.2. Dəfnlərin vahid dövlət reyestrinin aparılması qaydası, vahid reyestr kitabının forması, dəfnlərin vahid dövlət reyestrindən arayışın forması və verilməsi qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

4.3. Dəfnlərin vahid dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.

4.4. Dəfnlərin  vahid dövlət reyestri illər üzrə, Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi üzrə və hər bir qəbiristanlıq üzrə əlifba sırasına riayət etməklə aparılır.

4.5. Dəfnlərin vahid dövlət reyestri aşağıdakılardan ibarətdir:

4.5.1. dəfn edilmiş şəxslərə dair məlumatlar;

4.5.2. qəbiristanlığa və qəbir yerlərinə dair məlumatlar;

4.5.3. dəfnlərin vahid dövlət reyestrinin aparılması ilə bağlı xidməti məlumatlar (bu Qaydaların 4.5.1-ci və 4.5.2-ci yarım-bəndlərində nəzərdə tutulan məlumatlarda edilmiş düzəlişlərin məzmunu, tarixi və səbəbi).

4.6. Dəfnlərin vahid dövlət reyestrinə aşağıdakı məlumatlar daxil edilir:

4.6.1. dəfn edilən şəxsin soyadı, adı və atasının adı;

4.6.2. dəfn edilən şəxsin fərdi identifikasiya nömrəsi (olduğu halda);

4.6.3. dəfn edilən şəxsin ölüm, doğum və dəfn tarixləri;

4.6.4. dəfn edilən şəxsin ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədinin (müvafiq tibb müəssisəsinin ölüm haqqında həkim və ya feldşer arayışının) və ya olduğu halda ölümün dövlət qeydiyyatı haqqında şəhadətnamənin rekvizitləri (sənədi verən qurumun adı, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, sənədin seriya nömrəsi və verilmə tarixi);

4.6.5. ölümü xarici ölkələrdə qeydiyyata alınan şəxslərin ölüm faktını təsdiq edən müvafiq sənədin rekvizitləri (sənədi verən ölkənin adı, sənədin seriyası, nömrəsi və verilmə tarixi) və şəxsin öldüyü yer;

4.6.6. dəfn edilən şəxsin dəfn olunduğu qəbiristanlığın qəbiristanlıqların reyestrindəki nömrəsi, yerləşdiyi inzibati ərazi vahidi və ünvanı;

4.6.7. dəfn edilən şəxsin dəfn olunduğu qəbrin nömrəsi və qəbiristanlığın ərazisində yerləşdiyi yer;

4.6.8. qəbiristanlıqda rezervasiya olunmuş qəbir yerlərinə və onları rezervasiya etmiş şəxslərə dair məlumatlar (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi);

4.6.9. dəfn edilmiş şəxsin qəbrinin bu Qaydalarla müəyyən edilmiş hallarda köçürülməsinə və köçürülmənin səbəblərinə dair məlumatlar;

4.6.10. dəfn edilən şəxsin qohumlarından və ya onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərdən birinin ünvanı, əlaqə telefon nömrələri.

4.7. Naməlum (tanınmamış) şəxslərin ölümü ilə bağlı dəfnlərin vahid dövlət reyestrinə tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar daxil edilir.

4.8. Dəfnlərin vahid dövlət reyestri elektron daşıyıcılarda aparılır.

4.9. Dəfnlərin vahid dövlət  reyestrinin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və texniki-proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə və vəhdətdə fəaliyyət göstərməsini təmin edir.

4.10. Qəbiristanlığın müdiriyyəti qəbiristanlıqda hər bir dəfnə dair bu Qaydaların 4.6-cı bəndində göstərilən məlumatları dəfn həyata keçiriləndən 1 (bir) gün müddətində sənədləşdirilmiş informasiya əsasında vahid dövlət reyestrinə yerləşdirməlidir.

4.11. Bu Qaydaların 4.6.8-ci yarımbəndi üzrə dəfnlərin vahid dövlət reyestrinə bu Qaydaların 18.3-cü bəndində göstərilən məlumatlar daxil edilir.

4.12. Dəfnlərin vahid reyestrinə ötürülən məlumatların tamlığına, həmin məlumatların sistemə bu Qaydalarla müəyyən edilmiş müddətdə ötürülməsinə nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.  

4.13. Dəfnlərin qeydiyyat kitabının aparılması qaydası və qeydiyyat kitabının forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

4.14. Dəfnlərin qeydiyyat kitabının bələdiyyənin arxivinə və ya daimi saxlanılmaq üçün dövlət arxivinə təhvil verilməsi “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

5. Qəbiristanlıqların salınması barədə qərarın qəbul edilməsi

 

5.1. Qəbiristanlıqların salınması, istismarı, abadlaşdırılması və genişləndirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qaydaların və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun tənzimlənir.

5.2. Bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərində müəyyən edilən hallarda yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir.

5.3. Yeni qəbiristanlığın salınması barədə qərar aşağıdakı hallarda qəbul edilir:

5.3.1. qəbiristanlıq köçürüldükdə;

5.3.2. qəbiristanlıq bağlı elan edildikdə;

5.3.3. yeni yaşayış məntəqəsi salındıqda.

5.4. Qəbiristanlıqda qəbir yerlərinin 85 faizi tutulduqda, bələdiyyə yeni qəbiristanlığın salınması üçün bu Qaydalarla müəyyən edilmiş tədbirləri həyata keçirir.

5.5. Azərbaycan Respublikasında Fəxri xiyabanların, Şəhidlər xiyabanlarının və kütləvi (qardaşlıq) məzarlıqlarının salınması barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

5.6. Bu Qaydaların 5.5-ci bəndində göstərilən yerlərdə dəfn olunacaq şəxslərin dairəsinin və dəfnlərinin təşkili qaydası bu Qaydaların 8-10-cu, 17-ci, 21-ci, 24-26-cı hissələrinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

 

6. Qəbiristanlığın salınması üçün torpaq sahəsinin ayrılması

 

6.1. Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın  (bundan sonra - Komissiya) yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir. Komissiyanın tərkibinə aşağıdakı dövlət orqanlarının nümayəndələri daxil edilir:

6.1.1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

6.1.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

6.1.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

6.1.4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;

6.1.5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;

6.1.6. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi;

6.1.7. yerli icra hakimiyyəti orqanları.

6.2. Komissiyanın tərkibinə dair təkliflər bələdiyyənin müraciəti müvafiq quruma daxil olduqdan sonra 10 (on) iş günü müddətində verilir.

6.3. Komissiyanın iclaslarında iştirak etmək istəyən qeyri-hökumət təşkilatlarının nümayəndələri iclasa dəvət olunurlar.

6.4. Komissiya bələdiyyənin təklifləri əsasında qəbiristanlığın salınması üçün bu Qaydalarla müəyyən olunmuş tələblərə cavab verən torpaq sahəsini 30 (otuz) gün müddətində müəyyən edir.

6.5. Qəbiristanlığın salınması üçün torpaq sahəsi Azərbaycan Respublikasının torpaq münasibətlərinin tənzimlənməsi sahəsində müvafiq normativ hüquqi aktlara əsasən yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyğun olaraq ayrılır.

 

7. Qəbiristanlığın ərazi planlaşdırılması sənədləri və tikinti layihəsi

 

7.1. Qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir.

7.2. Qəbiristanlığın ərazi planlaşdırılması (müfəssəl planı) sənədi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Komissiya ilə razılaşdırılmaqla hazırlanır və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla bələdiyyə tərəfindən təsdiq edilir.

7.3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 83.0.2-ci maddəsinə uyğun olaraq qəbiristanlığın tikinti ərazisinin baş planı hazırlanır.

7.4. Qəbiristanlığın tikinti ərazisinin baş planında aşağıdakılar göstərilməlidir:

7.4.1. qəbiristanlığın ərazisində yaradılmış zonalar (giriş zonası, qəbir yerləri, yaşıllıq zonası, inzibati bina və mərasim xidmətlərinin göstərilməsi üçün inzibati binaların yerləşdiyi zona və s.) və onların sərhədləri;

7.4.2. qəbiristanlıqdakı qəbir yerlərinin ümumi sayı, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri, həmçinin yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyəti və milli adət və ənənələri nəzərə alınmaqla, qəbiristanlığın ərazisində yaradılmış seksiyalar və onların sərhədləri;

7.4.3. hər bir qəbir yerinin qəbiristanlıqda yerləşdiyi yer və nömrəsi.

7.5. Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi, habelə qəbiristanlığın qorunması və saxlanılması işlərinin təşkili məqsədi ilə bina və digər obyektlərin tikintisi, qəbiristanlıq yollarının və rezervasiya nəqliyyat vasitələri üçün meydançanın salınması məqsədi ilə nəzərdə tutulur.

7.6. Qəbiristanlığın ərazisində Şəhidlər xiyabanlarının, kütləvi (qardaşlıq) məzarlıqlarının planlaşdırılmasına yol verilir.

7.7. Qəbiristanlığın tikinti layihəsinin hazırlanması, razılaşdırılması və təsdiqlənməsi, həmçinin tikinti layihəsi əsasında tikinti işlərinin aparılması və qəbiristanlığın istismarına icazə verilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

 

8. Qəbiristanlığın tikintisi üçün ayrılmış torpaq sahəsinə dair tələblər

 

8.1. Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 (min) nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən edilir.  

8.2. Qəbiristanlıqlar üçün torpaq sahələri yaşayış məntəqələrinin ətrafındakı ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində ayrılacaq torpaq sahələri ilə yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin obyektlər  arasında bu Qaydaların 8.4-cü bəndində göstərilən hal istisna olmaqla, ən azı 300 metrlik sanitariya mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır.

8.3. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra, onunla yaşayış məntəqəsi arasındakı məsafə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər.

8.4. Kənd yaşayış məntəqələrində yerləşən qəbiristanlıqdan yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinə qədər olan məsafənin qrunt sularının səviyyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldılmasına yol verilir.

8.5. Layihələndirilən və mövcud qəbiristanlıqların sanitariya mühafizə zonasında yaşayış və ictimai binaların, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin, məişət (təsərrüfat) içməli su təchizatı qurğularının tikintisinə yol verilmir.

8.6. Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri aşağıdakı tələblərə cavab verməlidir:

8.6.1. sürüşməyə və çökməyə meyilli olmamalıdır;

8.6.2. məişət (təsərrüfat) içməli su üçün istifadə edilən açıq və yeraltı su hövzələrindən və yaşayış məntəqələrindən əks (aşağı) istiqamətdə mailliyə malik olmalıdır;

8.6.3. daşqın və digər təbii fəlakət hadisəsi zamanı su altında qalma riski nəzərə alınmalıdır;

8.6.4. qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalıdır;

8.6.5. ərazidəki torpaq sahəsi hava keçiriciliyinə və tez quruma qabiliyyətinə, quru məsaməliliyə (qumlu, qumluca, az gilli və s.) malik olmalıdır;

8.6.6. torf və ağır gilli torpaq sahələri olmamalıdır.

8.7. Bu Qaydaların 8.6.1-8.6.6-cı yarımbəndlərində nəzərdə tutulmuş tələblərə cavab verən torpaq sahələri olmadıqda, qəbiristanlığın tikintisi üçün ayrılan torpaq sahəsində drenaj sistemi olmalıdır.

8.8. Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri bu Qaydaların 8.6.5-ci və 8.6.6-cı yarımbəndlərində nəzərdə tutulan tələblərdən birinə cavab vermədikdə, həmin torpaq sahələrindən istifadə edilməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında onların bu tələblərə uyğunlaşdırılmasından sonra yol verilir.

 

9. Qəbiristanlığın salınmasının qadağan olunduğu ərazilər

 

9.1. Aşağıdakı ərazilərdə qəbiristanlıq salına bilməz:

9.1.1. məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında, müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay və digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında;

9.1.2. karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə;

9.1.3. xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda;

9.1.4. neft və qaz kəmərlərinin və yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonalarında;

9.1.5. dəmir yollarının təhkim zolaqlarında, dövlət və bələdiyyə avtomobil yollarının torpaqlarında.

 

10. Qəbiristanlığın salınması qaydası

 

10.1. Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır.

10.2. Qəbiristanlığın salınması zamanı aşağıdakı tələblər nəzərə alınmalıdır:

10.2.1. ətraf mühitin mühafizəsinin təmin olunması;

10.2.2. sanitariya mühafizə zonasının salınması və abadlaşdırılması;

10.2.3. içməli suya olan tələbatın ödənilməsi və yaşıllıqların suvarılması üçün su təchizatı sisteminin yaradılması;

10.2.4. qəbiristanlığın ərazisində su quyularının qazılmasının və meyvə ağaclarının əkilməsinin qadağan edilməsi;

10.2.5. mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri olmadıqda, yalnız yaşıllıqların suvarılması üçün yerli su təchizatı qurğularının və septik qurğu ilə təchiz olunmuş sanitar qovşaqlarının tikintisi;

10.2.6. qəbiristanlığın ərazisi hasara alındıqda, səth sularının (yağış, qar və s.) maneəsiz axıdılmasının təmin olunması;

10.2.7. cənazələrin daşınmasını təmin etmək məqsədi ilə qəbiristanlığın ərazisində avtomobil nəqliyyatı vasitələrinin hərəkət etməsi üçün yolların salınması;

10.2.8. qəbiristanlığa girişdə avtomobil nəqliyyatı vasitələri üçün meydançaların ayrılması;

10.2.9. qəbiristanlığa girişdə gül köşklərinin, habelə dəfn xidmətlərinin göstərilməsi və qəbirləri ziyarət zamanı tələb olunan digər ləvazimatların satışı üçün köşklərin quraşdırılması;

10.2.10. qəbiristanlığın ərazisinin yaşıllaşdırılması (hər bir qəbir yerinin günəş şüaları ilə təmin olunması şərtilə ərazidə ağac və kolların, həmçinin dekorativ bitkilərin əkilməsi);

10.2.11. qəbiristanlığın ərazisinin hasara alınması və gecə vaxtı işıqlandırılması;

10.2.12. qəbiristanlığın fəaliyyəti ilə bağlı bina və qurğuların, o cümlədən qəbiristanlığın işçiləri üçün inzibati bina və ya xidməti otağın, sanitar qovşaqlarının, meyitin dəfnə hazırlanması üçün yuyulma yerinin tikintisi.

 

11. Qəbiristanlığın ərazisinin genişləndirilməsi

 

11.1. Qəbiristanlığın ərazisinin dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar hesabına genişləndirilməsi zərurəti yarandıqda, həmin torpaq sahələrinin ayrılması bu Qaydaların 7-10-cu hissələrinin tələbləri gözlənilməklə, torpaq qanunvericiliyi ilə müəyyən edilən qaydada həyata keçirilir.

11.2. Qəbiristanlığın ərazisinin xüsusi mülkiyyətdə olan torpaq sahələri hesabına genişləndirilməsi zərurəti yarandıqda, həmin torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada özgəninkiləşdirilir.  

 

12. Qəbiristanlıqların idarə olunması

 

12.1. Qəbiristanlıqlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qaydalara və nizamnamələrinə uyğun olaraq idarə olunurlar.

12.2. Qəbiristanlıqların normal fəaliyyətinin təşkil edilməsi məqsədi ilə bələdiyyə:

12.2.1. qəbiristanlığın ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

12.2.2. qəbiristanlığın müdiriyyətini Azərbaycan Respub-likasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir;

12.2.3. qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırıl-ması ilə bağlı işlərin görülməsini təmin edir;

12.2.4. mövcud qəbiristanlıqların ərazisinin genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair bu Qaydaların 11-ci hissəsinə və torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir;

12.2.5. əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin dəfn mərasimlərinin təşkilinə yardım göstərir.

12.3. Qəbiristanlığın iş rejimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, onun müdiriyyəti tərəfindən müəyyən edilir və bu barədə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir.

12.4. Qəbiristanlıqlarda ziyarət vaxtı qəbiristanlığın iş rejiminə uyğun olaraq, qəbiristanlığın müdiriyyəti tərəfindən müəyyən edilir.

12.5. Dəfn mərasiminin keçirilməsi zamanı ölmüş şəxsin qohumları, qəbiristanlığın müdiriyyəti, işçiləri və dəfn mərasimində iştirak edən digər şəxslər ictimai qaydaya riayət etməli və qəbiristanlığın ərazisinin zibillənməsinə yol verməməlidirlər.

12.6. Qəbiristanlıqlarda kargüzarlıq işi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun aparılır.

 

13. Qəbiristanlığın müdiriyyəti

 

13.1. Qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

13.2. Qəbiristanlığın idarə olunması ilə bağlı qəbiristanlıq müdiriyyətinin vəzifələrinə aşağıdakılar aid edilir:

13.2.1. qəbiristanlıqların qorunması üzrə:

1. qəbiristanlıqların əmlakının inventarlaşdırılması və siyahı üzrə qorunmasını təmin etmək;

2. qəbiristanlığın ərazisindəki bina və qurğuların, yolların, meydançaların və qəbiristanlığın hasarının saxlanılmasını və təmirini təşkil etmək;

3. qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların (cığırların) səliqəli saxlanılmasını, qışda qardan təmizlənməsini, həmçinin buz bağlamış hərəkət hissələrinə qum səpilməsini təşkil etmək;

4. qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini və onlara qulluq edilməsini təmin etmək;

5. qəbiristanlığın ərazisində səyyar ticarətlə və dilənçiliklə məşğul olmağa, kimsəsiz şəxslərin gecələməsinə, sərxoş vəziyyətdə olan şəxslərin və ev heyvanlarının qəbiristanlığın ərazisinə daxil olmasına, habelə qəbiristanlığın ərazisindən otlaq sahəsi kimi istifadə edilməsinə yol verməmək;

6. dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərlə bağlanılmış müqavilə əsasında qəbir yerlərinə və qəbirüstü tikililərə ödənişli əsaslarla qulluq edilməsini təmin etmək;  

7. qəbiristanlığın sanitariya-gigiyena normalarına uyğun saxlanılmasını, o cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin daşınmasını təşkil etmək;

13.2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçiləri işə qəbul və işdən azad etmək;

13.2.3. qəbiristanlıqlarda qəbirlərin sıralanması ardıcıllığına riayət etməklə, qəbir yerini ayırmaq və dəfn işlərinin təşkili ilə əlaqədar xidmətlərin göstərilməsini təmin etmək;

13.2.4. qəbiristanlıqda dəfnlərin dəqiq qeydiyyatının aparılması məqsədi ilə məlumatların kağız daşıyıcılarda toplanılmasını və həmin məlumatların dəfnlərin vahid dövlət reyestrində yerləş-dirilməsini  təmin etmək;

13.2.5. qəbiristanlıqda boş yerlərin sayında dəyişiklik olduğu halda, son dəfn tarixi göstərilməklə, qəbiristanlığın giriş qapısının elan lövhəsində bu barədə məlumatın yenilənməsini təmin etmək;

13.2.6. qəbiristanlığın mövcud vəziyyəti, o cümlədən boş və tutulmuş qəbir yerləri barədə məlumatları rübdə 1 (bir) dəfədən az olmamaq şərtilə bələdiyyəyə təqdim etmək;

13.2.7. ölmüş şəxsin dini mənsubiyyəti və milli adət və ənənələr nəzərə alınmaqla, dəfn mərasiminin keçirilməsi üçün hazırlıq işlərini, o cümlədən ölmüş şəxsin qohumlarına, qanuni nümayəndələrinə və ya onları dəfn edəcək digər şəxslərə tabutun verilməsini, qəbir yerinin qazılmasını, ölmüş şəxsin soyadı, adı, atasının adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılmasını təmin etmək;

13.2.8. qəbiristanlıqda bu Qaydalarla müəyyən edilmiş iş rejiminə və ziyarət vaxtına əməl olunmasını təmin etmək;

13.2.9. qəbiristanlıqda kargüzarlıq işinin aparılmasını təmin etmək.

13.3. Qəbiristanlığın müdiriyyəti və dəfn xidmətlərini göstərən işçiləri aşağıdakı tələblərə cavab verməlidir:

13.3.1. dini ayinlərin icrasını bilməli;

13.3.2. milli və dini adət və ənənələrə riayət etməli.

13.4. Qəbiristanlıqda dini ayinləri icra edən şəxslər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərməlidirlər.

 

14. Ziyarətçilərin hüquq və vəzifələri

 

14.1. Ziyarətçilərin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:

14.1.1. qəbiristanlıqda dəfn edilmiş şəxsləri ziyarət edərkən, qəbiristanlığın iş rejiminə və müdiriyyət tərəfindən müəyyən edilmiş ziyarət vaxtlarına əməl etmək;

14.1.2. qəbiristanlığın ərazisində ictimai qaydaya və təmizliyə riayət etmək;

14.1.3. bu Qaydalarla müəyyən edilmiş tələblərə riayət etməklə, qəbirüstü tikililər quraşdırmaq və ya onları dəyişdirmək, təmir etmək;

14.1.4. qəbir yerini səliqəli saxlamaq, gül və digər yaşıllıqlar əkmək;

14.1.5. qəbiristanlığın müdiriyyətindən qəbir yerinə qulluq göstərilməsini tələb etmək.

 

15. Qəbiristanlıqların qorunması, saxlanılması,

abadlaşdırılması və idarə olunması xərcləri

 

15.1. Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırıl-ması və idarə olunması xərcləri aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

15.1.1. yerli büdcələrin vəsaiti;

15.1.2. fiziki və hüquqi şəxslərin könüllü ianələri;

15.1.3. dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər;

15.1.4. Qanunla qadağan olunmayan digər mənbələr.

15.2. Bu Qaydaların 15.1-ci bəndində nəzərdə tutulan maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət  bələdiyyə tərəfindən həyata keçirilir.

15.3. Qəbiristanlığın növbəti il üçün gəlir və xərclərinin smetası hər il dekabrın 20-dən gec olmayaraq bələdiyyə iclasında təsdiq edilməli və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdirilir.

 

16. Qəbiristanlıqların köçürülməsi və onların bağlı elan olunması

 

16.1. Qəbiristanlıqların köçürülməsi və (və ya) bağlı elan olunması barədə qərar Komissiyanın rəyi nəzərə alınmaqla, bələdiyyə  tərəfindən qəbul edilir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verilir, habelə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir.  

16.2. Qəbiristanlıqların köçürülməsinə yalnız aşağıdakı hallarda yol verilir:

16.2.1. subasma, daşqın, sel, torpaq sürüşməsi, zəlzələ və digər təbii fəlakətlər zamanı;

16.2.2. qəbiristanlığın ərazisi olan torpaq sahəsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əsaslar üzrə dövlət ehtiyacları üçün alındıqda.

16.3. Qəbiristanlığın bu Qaydaların 16.2.1-ci yarımbəndi ilə müəyyən edilmiş hallarda köçürülməsi zamanı, həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması, həmin Qaydalarla müəyyən edilmiş sanitariya-gigiyena normalarına əməl edilməklə, bələdiyyə vəsaiti hesabına həyata  keçirilir.  

16.4. Qəbiristanlığın ərazisi olan torpaq sahəsinin bu Qaydaların 16.2.2-ci yarımbəndinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması ilə əlaqədar qəbiristanlığın köçürülməsi zamanı, həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə həyata keçirilir.

16.5. Qəbiristanlığın bu Qaydaların 16.2-ci bəndi ilə müəyyən edilmiş səbəblərdən müəyyən hissəsinin və qəbiristanlıqdakı ayrı-ayrı qəbirlərin köçürülməsi halında, bu Qaydaların 16.3-cü və 16.4-cü bəndlərinin tələbləri gözlənilməlidir.

16.6. Bu Qaydaların 16.2-ci bəndi ilə müəyyən edilmiş hallarda qəbiristanlıqda dəfn edilmiş şəxslərin qeyri-prosessual ekshuma-siyasını və başqa yerdə basdırılmasını bu Qaydaların tələblərinə riayət etməklə  onların qohumları, qanuni nümayəndələri və ya dəfn ilə bağlı xərcləri çəkmiş digər şəxslər bu Qaydaların 16.3-cü  və 16.4-cü bəndləri ilə müəyyən edilmiş vəsait hesabına həyata keçirmək hüququna malikdirlər.

16.7. Bu Qaydaların 25.2.1-ci yarımbəndi ilə müəyyən edilmiş halda meyitlərin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması bu Qaydaların tələblərinə riayət edilməklə, belə elmi-tədqiqat və elmi yaradıcılıq işlərini aparan elmi təşkilatların vəsaiti hesabına həyata keçirilir.

16.8. Bu Qaydaların 25.2.3-cü yarımbəndi ilə müəyyən edilmiş halda meyitin qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

16.9. Bu Qaydaların 25.2.4-cü yarımbəndində nəzərdə tutulmuş halda ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması bu Qaydaların tələblərinə riayət edilməklə, onun qohumlarının, qanuni nümayəndələrinin və ya dəfn ilə bağlı xərcləri çəkmiş şəxslərin vəsaitləri hesabına həyata keçirilir.

16.10. Qəbiristanlıq köçürüldükdə, habelə qəbiristanlıqdakı bütün qəbir yerləri tutulduqda (bu Qaydaların 18.2-ci bəndinə uyğun olaraq rezervasiya olunmuş qəbir yerləri nəzərə alınmaqla), həmin qəbiristanlıq bələdiyyə tərəfindən bağlı elan olunur və bu barədə qəbiristanlığın giriş qapısının elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir, həmçinin bu barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil edilir. 

16.11. Qəbiristanlıqdakı bütün qəbir yerlərinin tutulması ilə əlaqədar qəbiristanlığın bağlı elan edilməsi zamanı, qəbiristanlıqda bu Qaydaların 18.2-ci bəndinə uyğun olaraq rezervasiya olunmuş qəbir yerləri və 17.5-ci bəndinə uyğun olaraq qəbir yerindən təkrar istifadə halları istisna olmaqla, dəfnlərin aparılmasına yol verilmir.

16.12. Qəbiristanlıq köçürüldükdən sonra əhalinin sanitar-epidemioloji salamatlılığının təmin edilməsi məqsədi ilə həmin ərazidə meyvə ağaclarının, kənd təsərrüfatı məhsullarının əkilməsinə, becərilməsinə və bu Qaydaların 16.2.2-ci yarımbəndi ilə müəyyən edilən hal istisna olmaqla, 25 il müddətində tikinti işlərinin aparılmasına yol verilmir.

16.13. Qəbiristanlıq bağlı elan edildikdən sonrakı dövr ərzində qəbiristanlığın saxlanılması və qorunması bələdiyyə tərəfindən həyata keçirilir.

 

17. Qəbir yerlərinin ayrılması

 

17.1. Qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla,  seksiyalara  ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilir.

17.2. Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

17.3. Azərbaycan Respublikasında müvəqqəti olan və ya müvəqqəti yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vəfat etməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatı əsasında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin şəxs miqrasiya uçotundan çıxarılır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vəfat etməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatı əsasında həmin şəxsin cənazəsinin müvafiq xarici ölkəyə göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vətəndaşı olduğu və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı xarici ölkənin səfirliyini və ya konsulluğunu məlumatlandırır.

17.4. Azərbaycan Respublikasının ərazisində vəfat etmiş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin cənazəsinin müvafiq xarici ölkəyə göndərilməsi həmin şəxsin qohumları, qanuni nümayəndələri və ya cənazənin göndərilməsi ilə bağlı xərcləri çəkən digər şəxslər tərəfindən, həmin şəxs əməkçi miqrant olduğu halda isə onu işə cəlb etmiş hüquqi və ya fiziki şəxs tərəfindən təmin edilir.

17.5. Qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər.

17.6. Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra və ya bu Qaydaların 25.2.2-25.2.4-cü yarımbəndlərində müəyyən edilən hallarda qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.

 

18. Qəbir yerlərinin rezervasiyası

 

18.1. Qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə (bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) yol verilmir.

18.2. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir.

18.3. Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir.

18.4. Bu Qaydaların 18.2-ci bəndinə uyğun  olaraq qəbir yerini rezervasiya etmiş ər (arvad) sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra onların qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdiriyyətini yazılı surətdə məlumatlandırmalıdırlar.   

18.5. Bu Qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə 5 (beş) gün müddətində məlumat göndərməlidir.

 

 

19. Dəfn xidmətləri

 

19.1. Ölmüş şəxsin dəfni ilə bağlı qəbiristanlığın müdiriyyəti tərəfindən aşağıdakı dəfn xidmətləri göstərilir:

19.1.1. ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmamışdırsa, onun yuyulması və dəfnə hazırlanması;

19.1.2. ölmüş şəxsin cənazəsinin daşınması üçün tabutun və nəqliyyat vasitəsinin təqdim olunması;

19.1.3. qəbir yerinin qazılması;

19.1.4. ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılması;

19.1.5. cənazənin dəfn edilməsi və dəfn zamanı din xadiminin iştirakı ilə dini ayinlərin icrası;

19.1.6. cənazənin kremasiya olunması və kremasiya olunmuş şəxsin dəfni üçün digər ləvazimatların təqdim edilməsi;

19.1.7. dəfn edilmiş şəxsin ekshumasiyası;

19.1.8. qəbirüstü tikililərin hazırlanması və quraşdırılması.

19.2. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respub-likasının Qanununa uyğun olaraq, şəhər qəbiristanlıqlarında dəfn mərasimlərinin təşkilini təmin etmək üçün bu Qaydaların 19.1-ci bəndində nəzərdə tutulan xidmətləri göstərən bələdiyyə müəssisələri yaradıla bilər.

 

20. Dəfn xidmətlərinin göstərilməsi qaydası

 

20.1. Ölmüş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslər dəfn mərasiminin  təşkili ilə əlaqədar qəbir yerinin ayrılması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi üçün qəbiristanlığın müdiriyyətinə ərizə ilə müraciət edir.

20.2. Ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərin ərizəsinə ölüm faktını təsdiq edən sənədin (müvafiq tibb müəssisəsinin ölüm haqqında həkim və ya feldşer arayışının) və ölmüş şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır. Bu Qaydaların 25.2.4-cü yarımbəndində müəyyən edilən hallarda yalnız ölüm haqqında şəhadətnamənin surəti təqdim olunur.

20.3. Qəbiristanlığın müdiriyyəti tərəfindən dəfn mərasiminin təşkili ilə əlaqədar  ərizəyə dərhal baxılmalı və dəfn yeri ayrılmalı, həmçinin ölmüş şəxsin dini mənsubiyyəti və milli adət və ənənələri nəzərə alınaraq, onun qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərlə razılaşdırılmaqla dəfnin vaxtı müəyyən  edilməlidir.

20.4. Qəbiristanlığın müdiriyyəti qəbiristanlıqda boş qəbir yerləri olmadıqda və ya bu Qaydaların 20.2-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, qəbir yerinin ayrılmasından imtina edilməsi barədə ölmüş şəxsin qohumlarını, qanuni nümayəndələrini və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxsləri dərhal məlumatlandırır. Boş yer olmadıqda bələdiyyəni məlumatlandırmaqla, qəbiristanlığın müdiriyyəti digər qəbiristanlıqda boş yerin ayrılmasına yardım etməli və həmin gün bu barədə məlumatı bələdiyyəyə təqdim etməlidir.

20.5. Bu Qaydalarda nəzərdə tutulmuş tələblərə əməl edilmədən özbaşına dəfnlərə yol verilmir.

20.6. Dəfnlərin aparılması zamanı qəbiristanlığın müdiriyyəti tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş tələblərin pozulması halları aşkar edildikdə, dəfnlərin aparılması dayandırılır və bu barədə qəbiristanlığın müdiriyyəti tərəfindən bələdiyyəyə məlumat verilir.

20.7. Dəfn zamanı qəbiristanlıqlarda qəbirlərin sıralanması ardıcıllığına riayət edilməlidir. Qəbirlərarası sahələrdə, qəbiristanlığın daxilindəki yollarda və cığırlarda, o cümlədən yaşıllıq ərazilərində dəfnlərə yol verilmir.

20.8. Bu Qaydaların 19.1-ci bəndində nəzərdə tutulan xidmətlər ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin  və ya dəfnlə bağlı xərcləri çəkən digər şəxslərin sifarişinə uyğun olaraq, onlar tərəfindən bu Qaydaların 20.11-ci bəndində  müəyyən edilmiş ödəniş edildikdən sonra qəbiristanlığın müdiriyyəti tərəfindən təşkil olunur.

20.9. Bu Qaydaların 19.1.1-ci, 19.1.3-19.1.5-ci yarım-bəndlərində nəzərdə tutulan xidmətlərin ümumi dəyəri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının  Qanunu ilə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğindən artıq olmamalıdır.

20.10. Bu Qaydaların 19.1-ci bəndində nəzərdə tutulan dəfn xidmətləri həmin xidmətlərin göstərilməsi üçün çəkilən xərclərə mütənasib, həmçinin müdiriyyətin və qəbiristanlığın saxlanması xərclərinə uyğun müəyyən edilir.

20.11. Bu Qaydaların 20.9-cu bəndinin tələbləri nəzərə alınmaqla, 19.1-ci bəndində nəzərdə tutulan xidmətlərin ayrı-ayrılıqda və ümumi dəyəri bələdiyyə tərəfindən təsdiq edilir və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdirilir.

 

21. Qəbir yerlərinin ölçüləri

 

21.1. Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.

21.2. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.

21.3. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.

21.4. Qəbir yeri qazıldıqda, qəbrin dibi qrunt sularının axın səviyyəsindən 0,5 metrdən az olmayan hündürlükdə olmalıdır.

21.5. Azərbaycan Respublikası vətəndaşının xarici ölkədən gətirilmiş və ya bu Qaydalara uyğun olaraq kremasiya olunmuş meyitinin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün hüzn divarında (kolumbaridə) ölmüş şəxsin soyadı, adı, atasının adı, doğum və ölüm tarixlərini bildirən lövhə vurulmaqla, uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,4 metr ölçüdə oyuqlar və ya ümumi torpaq sahəsi 2 kvadratmetr olmaqla uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,8 metr ölçüdə qəbir yeri nəzərdə tutulur.

21.6. Kremasiya olunmuş meyitin külü saxlanılan urnanın daxili həcmi ölmüş şəxsin çəkisindən asılı olaraq, külün miqdarına görə 4 litrə qədər olmalıdır. Formasından asılı olmayaraq urnanın divarının qalınlığı 0,02 metr olmalı, onun oyuğa rahat yerləşdirilməsi üçün hündürlüyü 0,35 metrə qədər olmaqla, təbii daş və ya metaldan hazırlanır.

21.7. Dəfndən sonra qəbrin üzərinə 0,5 metr hündürlükdə torpaq tökülür.

 

22. Qəbirüstü tikililərə dair tələblər

 

22.1. Qəbirüstü tikililər dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən quraşdırılır.

22.2. Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.

22.3. Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılmadıqda, qəbiristanlığın müdiriyyəti tərəfindən bu Qaydaların 13.2.8-ci yarımbəndinə əsasən quraşdırılmış ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən lövhə saxlanılır.

22.4. Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililərin və onların üzərindəki yazıların dəyişdirilməsinə qəbiristanlığın müdiriyyətinin razılığı ilə yol verilir və aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

22.4.1. qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsi səbəbləri göstərilməklə ərizə;

22.4.2. qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsinə dair ərizə ilə müraciət etmiş şəxsin şəxsiyyətini təsdiq edən sənəd, habelə qohumluq əlaqəsini və ya qanuni nümayəndə olmasını təsdiq edən sənəd;

22.4.3. qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsinə dair digər qohumların, qanuni nümayəndənin və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslərin razılıq ərizəsi.

22.5. Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin bu Qaydaların 22.4.1-ci yarımbəndində nəzərdə tutulmuş ərizəsinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

22.6. Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər dəfn olunmuş şəxsin qohumlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş vərəsəlik növbəliliyinə uyğun olaraq razılığı olduqda dəyişdirilir, belə razılıq əldə edilmədikdə, qəbirüstü tikililərin dəyişdirilməsinə yol verilmir.

 

23. Ayrı-ayrı kateqoriyadan olan şəxslərin dəfninin xüsusiyyətləri

 

23.1. Kimsəsiz şəxslərin, terror aktının iştirakçılarının və ondan zərər çəkən naməlum şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri bələdiyyələr  tərəfindən həyata keçirilir. Terrorçuların cənazələri verilmir və dəfn yeri açıqlanmır.

23.2. Azadlıqdan məhrumetmə yerlərində və ya sosial xidmət müəssisələrində ölən şəxslərin cənazəsi bu Qaydaların tələbləri gözlənilməklə, onların qohumlarına, qanuni nümayəndələrinə və ya onları dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, azadlıqdan məhrumetmə yerinin rəisi və ya sosial xidmət müəssisəsinin müdiriyyəti cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.

23.3. Tibb müəssisəsində ölmüş şəxsin meyitinin məhkəmə-tibb və ya patoloji anatomik müayinəsi üçün göstəriş olmadıqda, cənazə həmin tibb müəssisəsi tərəfindən ölmüş şəxsin qohumlarına, qanuni nümayəndələrinə və ya onu dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, tibb müəssisəsi cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.

 

24. Dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normaları

 

24.1. Dəfn mərasimlərinin keçirilməsi zamanı bu Qaydalarda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş sanitariya-gigiyena normalarına riayət olunmalıdır.

24.2. Meyitlərin yuyulmasına və daşınmasına, meyitlərin yuyulma yerinə, dəfnlə bağlı xidmətləri göstərən işçilərə dair tələblər və tullantı sularının axıdılması qaydaları bu Qaydaların tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

24.3. Qəbiristanlıqlarda sanitariya-gigiyena normalarına riayət olunmasına nəzarət “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

24.4. Dəfn mərasiminə hazırlıqla bağlı meyitlərin yuyulması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi zamanı yaranan tullantı suları “Ətraf mühitin mühafizəsi haqqında” və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri gözlənilməklə, təmizləyici və dezinfeksiyaedici maddələrlə zərərsizləşdirildikdən sonra kanalizasiya sisteminə axıdılır.

24.5. Ölmüş şəxsin cənazəsinin qəbiristanlığa aparılması və ya daşınması tabutlarda həyata keçirilməlidir.

24.6. Ölmüş şəxsin cənazəsi qəbiristanlığa nəqliyyat vasit

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə