Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kvota üzrə iş yerləri ilə təminat sahəsinə elektron nəzarət sistemi qurulacaq

Kvota üzrə iş yerləri ilə təminat sahəsinə elektron nəzarət sistemi qurulacaq

Müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılmasına, həmin şəxslərin kvota üzrə işlə təmin edilmələrinə elektron nəzarət sistemi qurulacaq.

Sistemin qurulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən məşğulluq xidmətlərinin elektron infrastrukturunun yaradılması çərçivəsində həllini tapacaq. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində gələn ilin əvvəllərində hazır olması nəzərdə tutulan məşğulluq altsistemi Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində işləyəcək. İşəgötürənlərin elektron sistemə təqdim etdikləri məlumatlar əsasında müvafiq müəssisələrdə işçilərin və ştatların sayı, qanunvericilik əsasında işçi sayına uyğun kvotaların ayrılması vəziyyəti operativ şəkildə müəyyən olunacaq. Bu da həmin sahədə müəssisələrdə yol verilən nöqsan və çatışmazlıqları aşkar etməyə imkan verəcək.

Xatırladaq ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyalarına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumatda bildirilir ki, qanunvericiliyə əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri həmin insanlar üçün müəyyən edilməlidir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Dekabr 2018 16:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
10 Dekabr 2018 | 16:23
Dünyanın ən yaxşı dostuna

Ən son xəbərləri səhifəmizdən də izləyin