Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Qulluğunu İdarəetmə Şurasının iclası keçirilib

Dövlət Qulluğunu İdarəetmə Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının iclası keçirilib.
Dekabrın 1-də keçirilən iclasda Şuranın 17 üzvü iştirak edib. İclasın gündəliyinə Şuranın sədrinin və katibinin seçilməsi, Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində görülən işlər barədə təqdimatın dinlənilməsi və bir sıra təşkilatı məsələlərin müzakirəsi daxil idi.
İclasın əvvəlində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yekdilliklə Şuranın sədri, Prezident Administrasiyasının dövlət qulluğu və kadr məsələləri şöbəsinin kadr siyasəti və dövlət qulluğu məsələləri sektorunun müdiri Vasif Xələfov Şuranın katibi seçiliblər.
Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində görülən işlər barədə təqdimatla çıxış edib. 
Dövlət qulluğuna qəbulla bağlı mövcud vəziyyət barədə məlumat verən M.Abbaszadə bildirib ki, 2018-ci ilin 11 ayı ərzində dövlət qulluğuna qəbul üzrə test imtahanında 6642 şəxs 10362 dəfə iştirak edib, onlardan 3721 nəfəri sertifikat alıb. Dövlət qulluğuna qəbulun  müsahibə mərhələsi üzrə 6029 vakansiya elan edilib, bu vakansiyalar üzrə müsahibələrdə iştirak etmək üçün qeydiyyatların sayı 10882 olub, buna əsasən təşkil edilmiş müsahibələrdən 4611-i baş tutub (6271 müsahibə namizəd gəlmədiyinə görə baş tutmayıb). 2220 müsahibə nəticəsində namizədlər vəzifəyə uyğun hesab edilib, 1221 şəxs vəzifəyə təyin olunub. 
Müsahibələrin keçirilməsi zamanı resursların rasional istifadə olunması, həm vaxt, həm maddi resursların itkisinə yol verilməməsi məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sertifikat əldə etmiş namizədin təqvim ili ərzində müsahibələrdə iştirak sayının məhdudlaşdırılması və sertifikatın qüvvədə olma müddətinin azaldılması barədə dəyişikliyin edilməsi təklif olunub. 
Dövlət Qulluqçularının Reyestri barədə danışan M.Abbaszadə vurğulayıb ki, Dövlət Qulluqçularının Reyestri mərkəzləşdirilmiş məlumat bazası və dövlət qulluğunun idarəetmə alətidir. Hazırda Dövlət Qulluqçularının reyestrində inzibati (rəhbər və icraçı) vəzifələr üzrə 14405 dövlət qulluqçusu və 2357 nəfər müddətli əmək müqaviləsi üzrə çalışanlar barədə məlumat mövcuddur. Dövlət orqanlarına göndərilmiş məktublardan sonra 2018-ci ilin 11 ayı ərzində müqaviləçilərdən 870 nəfəri test imtahanında iştirak edib, onlardan 309-u sertifikat əldə edib və cəmi 83 nəfəri (10 faizdən az) müsahibə mərhələsində uğur qazanaraq vəzifəyə təyin olunub. 
Məsələyə münasibət bildirən sədr Ramiz Mehdiyev dövlət orqanlarında müqavilə əsasında çalışan şəxslər barədə İmtahan Mərkəzi tərəfindən təqdim edilən məlumatlar əsasında həmin şəxslərin test imtahanlarında iştirakının təmin edilməsi məqsədilə dövlət orqanlarının rəhbərlərinə müvafiq məktubların hazırlanması barədə tapşırıq verib.
DİM-in sədri elmi dərəcəsi, dövlət təşkilatlarında rəhbər vəzifələrdə və ya dövlət qulluğunun xüsusi növündə müəyyən iş (qulluq) stajı və ya xüsusi rütbəsi olan şəxslərə test imtahanı mərhələsindən azad edilməsi və birbaşa ümumi müsahibədə iştirak etmək hüququnun verilməsi məsələsini qaldıraraq qanunvericilikdə müvafiq dəyişikliyin edilməsini təklif edib. 
M.Abbaszadə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün strategiya” barədə danışaraq bildirib ki, sənəd hərtərəfli inkişaf edən ölkəmizdə dövlət qulluğu sahəsində daha genişmiqyaslı islahatlar yolu ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət qulluğu sisteminin müəyyən sahələrini təkmilləşdirmək zərurətindən yaranıb. Strategiya hazırlanarkən Azərbaycanda dövlət qulluğu sisteminin ümumi təhlili aparılıb, onun güclü və zəif tərəfləri, inkişaf etdirilməsi ilə bağlı imkanlar və təhdidlər müəyyən edilib. Dövlət qulluğu sahəsində inkişafa nail olmaq üçün aşağıdakı hədəflər müəyyənləşdirilib: institusionallıq, tətbiq olunan prosedurların çevikliyi, göstərilən bütün xidmətlərin rəqəmsallaşması, səriştə və kompetensiya əsasında qiymətləndirmə, dövlət qulluğunda motivasiyanın və peşəkarlığın artırılması və bütün bunların nəticəsində vətəndaş məmnunluğuna nail olunması.
Şura üzvləri Şahin Əliyev, Tələt Məcidov, Zeynal Nağdəliyev, Vüsal Hüseynov, Səfa Mirzəyev və başqaları iclasda həm M.Abbaszadə tərəfindən qaldırılan məsələlərə dair, həm də dövlət qulluğunun müxtəlif sahələrinə aid təkliflərlə çıxış ediblər. Səslənən təkliflər arasında aşağıdakılar olub: dövlət qulluğunda və onun xüsusi növlərində ixtisas dərəcələrinin (rütbələrinin), müvafiq qulluq stajlarının eyniləşdirilməsi;  xüsusi meyarlar üzrə dövlət orqanlarının mövcud kadr potensialının qiymətləndirilməsi və s. Müzakirələr zamanı belə bir fikir də səslənib ki, çox vaxt qəbul prosedurlarının çətinliyi səbəbindən dövlət orqanları onlara lazım olan yüksək ixtisaslı mütəxəssisləri (misal üçün, İT mütəxəssislərini) müvafiq vəzifəyə təyin edə bilmirlər. Bununla bağlı, qəbul prosedurlarında müvafiq dəyişikliyin edilməsinin zəruri olduğu bildirilib.  
M.Abbaszadə məsələ ilə bağlı bildirib ki, artıq dünyanın bir çox qabaqcıl ölkələrində dövlət qulluğuna qəbulda, eləcə də dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində səriştə modeli çox geniş tətbiq edilir. Azərbaycanda da bu modelin tətbiqi, vəzifələr üzrə yalnız formal tələbləri deyil, həmin vəzifələrin tutulması üçün zəruri bacarıqları, onların ölçülməsi və qiymətləndirilməsi alətləri kompleksinin (test, praktiki və situativ tapşırıqlar, müsahibə və s.) yaradılması, bunun sayəsində müsahibə mərhələsində insan amilinin aradan qaldırılması, habelə səriştə modelinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində tətbiqi, əməkhaqqı sisteminin qiymətləndirmə sistemi ilə əlaqələndirilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulur.  
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov muxtar respublikada dövlət qulluğu sahəsində görülən işlər, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib. 
Çıxışlardan sonra qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. 

AZƏRTAC

5 Dekabr 2018 23:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin