Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müstəqilliyimizin böyük xilaskarı, qüdrətli Ali Baş Komandan

Müstəqilliyimizin böyük xilaskarı, qüdrətli Ali Baş Komandan

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılması və möhkəmləndirilməsi, ölkəmizin hərtərəfli inkişaf yoluna çıxarılması sahəsində həyata keçirdiyi misilsiz tarixi fəaliyyətin mühüm istiqamətlərindən birini də müasir Azərbaycan Ordusunun əsasının qoyulması və onun təşkilatlandırılaraq məzmunca yeni bir səviyyəyə qaldırılması təşkil edir. Müstəqil dövlətin həqiqi silahlı qüvvələrinin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. 
Ulu öndər 1993-cü ilin böhranlı yayında xalqın iradəsi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan Ordusunda nizam-intizam yaradıldı, Silahlı Qüvvələr dövlətin və xalqın maraqlarına xidmət etməli olan bir struktura çevrildi. Başlıcası isə ordu quruculuğu prosesinin dövlət siyasəti müəyyənləşdirildi, ölkənin və xalqın mövcud potensialı məharətlə bu prosesin düzgün aparılmasına istiqamətləndirildi. Heydər Əliyev həm də ordu quruculuğunun dünya təcrübəsi ilə yerli şəraitdən irəli gələn xüsusiyyətlərini ustalıqla əlaqələndirdi və ordu quruculuğunun səmərəliliyi üçün real bir zəmin yaratdı. 
Son illər ərzində isə Azərbaycan Respublikasının ­Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab ­İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun yalnız bölgənin deyil, hətta dünyanın ən inkişaf etmiş orduları sırasına çıxarılması bu prosesin Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsaslarının son dərəcə həyatiliyini və möhkəmliyini bir daha nümayiş etdirdi. Bu, bir daha təsdiqlədi ki, hərbi-strateji sahədə uğurların ardıcıllığına nail olunması üçün dünya miqyaslı dövlət və siyasət xadimi Heydər Əliyevin hərbi-siyasi irsi və diplomatik-taktiki təcrübəsi davamlı olaraq öyrənilməli və rəhbər tutulmalıdır.
Tarix dönə-dönə sübut edib ki, hərb qanunları nə qədər obyektiv olsalar belə, onlar insanların iradəsi olmadan həyata keçmir. Bu qanunlar dahi insanların məqsədyönlü fəaliyyəti, təşəbbüskar yanaşmaları ilə gerçəkləşir. Yəni, hərb qanunları o zaman özünün maksimum səmərəsini verir ki, ən böhranlı anlarda belə bu qanunların hərəkətə gətirilməsi üçün ən düzgün qərar qəbul edilir və onların həyata keçirilməsi üçün də ən səmərəli yollar tapılır. Ümummilli lider Heydər Əliyevin də Ali Baş Komandan kimi fəaliyyətinin uğurları onda idi ki, o, məhz belə keyfiyyətlərə malik idi. 
Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu proses öz başlanğıcını hələ sovetlər dövründən götürürdü. Müstəqil olmadığımız zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin bu ənənələr əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdtirilməsi məsələləri həmişə ulu öndərin diqqət mərkəzində olmuşdur. Bunun nəticəsi idi ki, sovet zamanında Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə hərbi xidmətə münasibətə yeni baxış formalaşdırıldı, bu istiqamətdə zəruri təşkilati-əməli işlərə başlandı. 
Əgər Heydər Əliyevə qədər Azərbaycan gənclərinin hərbi xidmətə cəlb edilməsinə onların ikiillik hərbi mükəlləfiyyəti kimi baxılırdısa, onun respublikaya rəhbərliyi bu işə kişilik məktəbi, xalq üçün xüsusi əhəmiyyət kəsb edən mürəkkəb hərbi ixtisasların öyrənilməsi imkanı kimi yanaşıldı. Həmin illərdə milli zabit kadrlarının hazırlanması sahəsində Heydər Əliyevin uzaqgörənliyi də onun siyasi dühasının parlaq nümunələrindən biridir. Bunun nəticəsi idi ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndə milli ordunun zabit heyətinin əsasını da məhz o zamanlar ulu öndərin qayğısı ilə zabit ixtisasına yiyələnənlər təşkil etdilər.
Xatırladaq ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə Bakıda iki ali hərbi məktəb var idi: Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Hər ikisində təhsil almaq üçün SSRİ-nin müxtəlif yerlərdən axışıb gəlirdilər. Ali Hərbi Dənizçilik Məktəbində hətta xarici ölkələrdən gələn xeyli sayda kursant təhsil alırdı. Amma onların arasında azərbaycanlıların sayı son dərəcə az idi. Bu vəziyyətin dəyişdirilməsi üçün ulu öndər Heydər Əliyev öz qətiyyətini ortaya qoydu və ilk növbədə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrın gətirilməsinə nail oldu. Sonra isə bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Nəticədə qısa müddətdə bu məktəbə daxil olan azərbaycanlıların sayı xeyli artırıldı.
Uzaqgörən lider olaraq Heydər Əliyev bununla da kifayətlənmədi və ittifaqın ali hərbi məktəblərinə göndərilən gənclərin sayı artırıldı. Nəticədə keçən əsrin 70-ci illərinin sonlarında İttifaqın 45-dən artıq ali hərbi məktəbinə Azərbaycandan ildə 800 – 900 gənc göndərilirdi. Ulu öndər sonradan xatırlayırdı ki, “Bunların hamısını edərkən biz öz xalqımız haqqında düşünürdük. Düşünürdük ki, xalqımızda hərbi peşə itməsin, xalqımız hərbi peşədən məhrum olmasın. Mən eyni zamanda o vaxt düşünürdüm ki, gələcəkdə bu, bizə lazım olacaqdır”.
Nəhayət, sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına Hərbi-İnternat Məktəbinin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyəti, bu böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Bu hərbi liseyin təşkil edilməsi və sovet dövründə azərbaycanlı gənclərin hərbi işə cəlb edilməsinin tarixi əhəmiyyəti XX əsrin sonlarında əyani şəkildə aydın oldu. 
Keçən əsrin sonlarında Azərbaycan xalqının öz müstəqilliyini əldə etməsi müstəqil dövlət və onun ayrılmaz atributu olan müstəqil milli ordu yaradılması şansını ortaya qoydu. Təxminən, 70 illik fasilədən sonra xalqımızın intizarında olduğu belə bir tarixi imkanın meydana gəlməsi, çox təəssüf ki, həmin illərdə Azərbaycanın rəhbərliyində olan şəxslər, xalqın ictimai-siyasi həyatında öncül yer tutmaq istəyən insanlar tərəfindən vaxtında və lazımınca qiymətləndirilmədi. 
Çox mürəkkəb tarixi şəraitdə Azərbaycan xalqının rastlaşdığı başlıca çətinliklərdən biri bu oldu ki, hələ müstəqilliyini əldə etməmişdən əvvəl ölkəmiz Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Belə bir zamanda bütün xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması mövcud hərbi qüvvələri də güclü böhran qarşısında qoydu və ölkənin müstəqilliyinin məhvi təhlükəsi yarandı. Bundan istifadə edən Ermənistanın silahlı quldur dəstələri əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırım törətdi, sonra isə Dağlıq Qarabağın və onun ətrafında olan rayonları işğal etdi.
Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, əgər Azərbaycan xalqının ümummilli lideri cənab Heydər Əliyev həmin illərdə respublikanın rəhbərliyində olsaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınar, xalqla ordu bu böyük vəzifənin icrasına səfərbər edilər, Azərbaycanın ərazi bütövlüyünün qarantı olacaq ordunun parçalanmasına, dağıdılmasına yol verməzdi. Bu sözlərin doğru olduğunu ümummilli lider Heydər Əliyev əvvəlcə Naxçıvanda fəaliyyət göstərdiyi vaxt, ardınca Azərbaycan xalqının tələbi ilə respublika hakimiyyətinə qayıtdıqdan sonra gördüyü müstəsna işlərlə sübut etdi.
Ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin xüsusi bir səhifəsini təşkil edir. Burada yaşamağa məcbur olduğu və muxtar respublikaya rəhbərliyi üzərinə götürdüyü illərdə ağır blokada şəraitinə baxmayaraq böyük xilaskar əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında, Naxçıvanda siyasi parçalanmaların aradan qaldırılmasında böyük rol oynamışdı, bununla muxtar respublikanın müdafiəsi, burada milli hərbi hissələrin formalaşması və təchiz edilməsi sahəsində də son dərəcə əhəmiyyətli işlər görmüşdü. 
1993-cü ilin iyununda Azərbaycan xalqının tələbi ilə respublika rəhbərliyinə qayıdandan sonra ümummilli lider Heydər Əliyevin öz üzərinə götürdüyü xilaskarlıq missiyası həm də Azərbaycan Ordusunun nicatı ilə bağlı idi. Çünki bu zaman Azərbaycan Ordusu çox ciddi böhranla qarşılaşmışdı:
 – orduya dövlət rəhbərliyi təmin edilməmişdi;
 – ordu quruculuğu ilə bağlı dövlətin aydın və qətiyyətli proqramı yox idi;
 – dövlət ilə ordu bir-birindən ayrı düşmüşdü;
 – ordu siyasi məqsədlərin həllinə cəlb edilmişdi;
 – ordu daxilində siyasi mənsubiyyətə və qrup maraqlarına görə parçalanma yaranmışdı;
 – ordu daxilində xaos, özbaşınalıq, qanunsuzluq geniş yayılmışdı;
 – sovet ordusundan qalmış hərbi əmlakın düzgün uçotu və məqsədyönlü istifadəsi təmin edilməmişdi;
 – orduya çağırış işi özbaşına buraxılmışdı;
 – orduya vahid komandanlıq, zəruri nizam və intizam təmin edilməmişdi;
 – ordunun döyüş qabiliyyəti zəruri tələblərə cavab vermirdi.
1993-cü ilin yayında Azərbaycanda ən yüksək zirvəsinə çatmış gərginliyin daxili səbəblərinin bir tərəfində siyasi böhran dayanırdısa, digər tərəfində də Azərbaycan Ordusunun böhranı dururdu. Çünki siyasi xaosun, daxili çəkişmələrin, hakimiyyəti idarə etməyə qabiliyyəti və haqqı olmayan insanların mübarizəsinin alovlandığı bir vaxtda ayrı-ayrı şəxslər ordunu parçalayıb qanunsuz əməllərin icrasına səfərbər etməklə Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini çox ciddi və təhlükəli sınaqlar qarşısında qoymuşdular. Gəncədə vətəndaş müharibəsi təhlükəsini yaradan məhz parçalanmış ordu qüvvələrinin qanunsuz əməllərə cəlb edilməsi idi. Lənkəranda separatizmin alovlanmasına yol açan da yenə buradakı cinayətkar şəxslərin ordu hissələrinə nəzarəti ələ keçirməsi idi. Belə hallar bütün cəbhə boyu da müşahidə edilirdi.
Azərbaycanın ərazi bütövlüyünün qorunması, erməni təcavüzünə qarşı mübarizə aparılması üçün yaradılmış ordu hissələri siyasi qruplara bölünərək bir-birinə qarşı cəbhə tutmaqla xalqın özünü fəlakətə sürükləyirdi. Tarix bir daha sübut etdi ki, xalqı ağır durumdan onu öz ətrafında birləşdirməyi bacaran böyük şəxsiyyətlər çıxara bilərlər. Qüdrətli dövlət və siyasət xadimi, xalqımızın görkəmli oğlu Heydər Əliyev belə böyük bir şəxsiyyət idi. Xalqının ağır durumunda o, soydaşlarının ümid yerinə çevrildi, xalqı öz ətrafında birləşdirərək onun dəstəyinə arxalandı, onu üzləşdiyi böyük fəlakətlərdən xilas etdi. 
Ulu öndər Heydər Əliyevin müstəsna fəaliyyəti, qətiyyəti, milli mənafelərə sədaqəti nəticəsində ölkə vətəndaş qarşıdurmasından nicat tapdı, onun çağırışı ilə ayağa qalxmış xalqın qəzəbi isə respublikanı etnik əlamətlərinə görə parçalamaq istəyənləri pərən-pərən saldı. Həqiqi lider kimi Heydər Əliyev həm də yeni ordu quruculuğunun əsasını qoydu. Bu quruculuğun tarixi isə onun radio və televiziya ilə Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciətindən başlayır. 
 

(ardı var)

Mehman SÜLEYMANOV, 
tarix üzrə elmlər doktoru, ehtiyatda olan polkovnik

5 Dekabr 2018 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin