Ən son xəbərlər

Son buraxılış
Arxiv

“G-20”-nin Argentina sammiti: hədəflər açıqlandı, fikir ayrılıqları qalır

“G-20”-nin Argentina sammiti: hədəflər açıqlandı, fikir ayrılıqları qalır

Noyabrın 30-da Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilmiş “G-20” (“Böyük iyirmilik”) sammiti başa çatdı. İki gün davam etmiş sammitdə 19 ölkənin lideri, BMT və Avropa İttifaqının nümayəndələri iştirak etdilər. Bir sıra beynəlxalq problemlər ətrafında müzakirələr aparılmış sammitdə yekun bəyannamə qəbul olundu. Otuz bir bənddən və bir sıra əlavələrdən ibarət olan bəyannamədə “G-20” iştirakçıları qanunlara əsaslanan, sürətlə dəyişən dünyanın çağırışlarına effektiv cavab verməyə qadir olan beynəlxalq qaydaları yaxşılaşdırmaq üçün birlikdə işləmək öhdəliyini təsdiq etdiklərini açıqladılar. 

 

“G-20” və ya “Böyük iyirmilik” dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkəsindən və Avropa İttifaqından (Aİ) ibarətdir. Dünya üzrə ümummilli məhsul istehsalının 85 faizi, dünya ticarətinin 75 faizi, beynəlxalq sərmayələrin 80 faizi və dünya əhalisinin 66 faizi məhz “G-20”-nin payına düşür. Xatırladaq ki, “Böyük iyirmiliy”in formatını Kanadanın keçmiş Baş naziri Pol Martin təklif etmişdi. Məqsəd beynəlxalq maliyyə məsələlərinə dair problemlərin müzakirə edilməsi və çıxış yollarının birlikdə axtarılmasından ibarətdir. “G-20” rəsmi olaraq, 1999-cu ildən fəaliyyət göstərir və ilk sammitini həmin ilin dekabr ayında keçirmişdi. Qrup dünyanın qarşısında dayanan qlobal çağırışları, həmçinin ən yüksək səviyyədə beynəlxalq maliyyə sabitliyinə təsir göstərəcək məsələləri müzakirə edir və hansısa təşkilatın səlahiyyətlərindən kənara çıxan problemlərin həllinə çalışır. Məcburedici qaydaların yaradılması imkanlarının olmamasına baxmayaraq, “Böyük iyirmiliy”ə üzvlük hər bir dövlətə dünya siyasətinə öz töhfəsini verməyə şərait yaradır. “G-20” tədbirlərində yalnız üzv ölkələr deyil, dəvət olunan dövlətlər də iştirak edirlər. Buna misal olaraq "G-20 Antalya" sammitində Azərbaycanın da dəvət olunmasını qeyd edə bilərik. 
Sayca 13-cü sammit olan Argentina görüşündə də dünya ictimaiyyəti beynəlxalq münasibətlər üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirə ediləcəyini və konkret qərarların qəbul olunacağını gözləyirdi.  
Bəs Argentina sammitində liderlər hansı qlobal məsələləri müzakirə etdilər? Sammit təşkilatçıları görüşöncəsi açıqlamışdılar ki, “G-20” infrastruktur inkişaf, əmək münasibətlərinin gələcəyi və qida təhlükəsizliyi kimi məsələləri müzakirə edəcəklər. Təbii ki, sammitdə təkcə gündəlikdə dayanan məsələlər müzakirə olunmur. Dövlət başçıları ikitərəfli və çoxtərəfli münasibətləri əhatə edən məsələlər barədə də müzakirə aparır və müəyyən razılaşmalara imza atırlar. Budəfəki sammit də istisna olmadı, beynəlxalq ictimaiyyətin diqqətini çəkən mümkün ikitərəfli görüşlərin keçirilib-keçirilməyəcəyi diqqət mərkəzində saxlanıldı və müxtəlif proqnozlar irəli sürüldü. Xüsusilə də ABŞ və Rusiya prezidentlərinin sammit çərçivəsində mümkün görüşü ətrafında xeyli müzakirələr aparıldı və belə bir görüşün keçiriləcəyi təqdirdə bir sıra beynəlxalq əhəmiyyətli problemlərə dair müəyyən münasibətlərin sərgilənə biləcəyinə ümid ifadə olundu. 
Lakin iki dövlət rəhbərinin görüşü baş tutmadı, bununla belə, sammit çərçivəsində keçirilən digər ikitərəfli görüşlər bir sıra aktual məsələlər barədə razılıq əldə olunması ilə nəticələndi. Məsələn, ABŞ Meksika və Kanada ilə çoxmilyardlı müqavilə imzalamağa nail oldu, Rusiya lideri isə Səudiyyə Ərəbistanı krallığının vəliəhdi ilə görüşündən sonra dünya neft birjalarında “qara qızıl”ın sürətli ucuzlaşması prosesi dayandı. Bundan əlavə, sammitdə məlum oldu ki, gələn il Rusiya və Səudiyyə Ərəbistanının birgə fondu vasitəsilə Rusiyadakı infrastruktur layihələrinə 2019-cu ildə 2 milyard dollar əlavə sərmayə qoyulması planlaşdırılır. Bütün bunlar belə deməyə əsas verir ki, “G-20” məcburedici mexanizmlərə malik olmasa da, beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi və müəyyən razılıqların əldə olunması üçün mühüm siyasi platforma olaraq qalır. 
Bir sözlə, “G-20” sammiti artan geosiyasi gərginlik və yeni ciddi qlobal çağırışların mövcudluğu şəraitində keçdi. Heç kimə sirr deyil ki, maliyyə bazarlarının qloballaşma səviyyəsinin artması böhranlı proseslərin yayılmasını sürətləndirir. Yeni rəqəmsal maliyyə texnologiyalarının da inkişafı bir tərəfdən tərəqqiyə səbəb olsa da, digər tərəfdən bədməramlı niyyətlərə xidmət edən addımların atılması sayəsində yeni risklərin meydana gəlməsinə şərait yaradır. Mütəxəssislər vurğulayırlar ki, 2008-ci il böhranının əsas səbəbləri də dərinləşməkdədir. Belə ki, artan qlobal disbalans və borcun artması artıq təhlükəli səviyyədədir. Bundan başqa, dünyada proteksionizm (proteksionizm milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasətidir) meyillərinin güclənməsi nəticəsində iqtisadi artımın qarşısının alınması riski də yüksəlir. 
Məlumdur ki, “G-20”-nin 2008-ci ilin noyabr ayında keçirilmiş sammitində məhdudlaşdırıcı tədbirlərdən imtina barədə qərarın qəbul edilməsi proteksionizm siyasətinin artmasının qarşısını ala bilməmişdi. Belə ki, 2008-ci ildən 2016-cı ilədək dünyada 1671 məhdudlaşdırıcı qərarın qəbul edildiyi məlumdur. “G-20”-nin ötən il keçirilmiş Hamburq sammitində də yeni məhdudlaşdırıcı qərarların qəbul edilməməsi barədə razılıq əldə olunmamış və hətta həmin görüşdə ilk dəfə olaraq proteksionizm siyasətinin ticari müdafiədə qanuni alət rolu qeydə alınmışdı. Hesablamalar 2018-ci ilin may ayından oktyabr ayınadək “G-20” ölkələrində məhdudlaşdırıcı qərarlar nəticəsində idxal həcminin 481 milyard dollara çatdığını göstərir. Məhdudlaşdırıcı tədbirlər dünyada rəqəmsal geriləmənin və informasiya təhlükəsizliyi risklərinin də artmasına yol açır. Təsadüfi deyil ki, ABŞ, Çin, Kanada, Rusiya, Almaniya, Böyük Britaniya, Fransa və Hindistan DdoS (şəbəkə hücumunun bir növüdür) hücumlarına  məruz qalan ilk onluğa daxil ölkələrdir. Bütün bunlar belə deməyə əsas verir ki, “G-20” qlobal çağırışlar fonunda birlikdə çalışmağa və ümumi tərəqqiyə nail olmağa çalışmalıdır.
Lakin qrupa daxil olan ölkələr arasında müəyyən məsələlərdə fikir ayrılıqlarının olması vacib qərarların qəbul olunmasını çətinləşdirir. Bunu Argentina sammitində yekun bəyannamənin belə son anda qəbul edilməsi də təsdiqləyir. Bununla belə, tarixçəsinin qısalığına baxmayaraq, “G-20” indiyədək qlobal miqyasda bir sıra mühüm uğurlara imza atmışdır. Maliyyə sistemində pozuntuların, terrorçu təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması kimi sahələri misal gətirmək olar. Bundan əlavə, “Böyük iyirmilik” maliyyə və idarəetmə sistemi ilə də nümunə rolunu oynayır. Bütün ziddiyyətlərə baxmayaraq, qəbul etdikləri yekun bəyannamədə də “G-20” qanunlara əsaslanan, sürətlə dəyişən dünyanın çağırışlarına effektiv cavab verməyə qadir olan beynəlxalq qaydaları yaxşılaşdırmaq üçün birlikdə işləmək öhdəliyini təsdiq etdiyini açıqladı. Sənəddə iqlim dəyişikliklərində, beynəlxalq ticarətdə, rəqəmsal iqtisadiyyatda, fiskal siyasətdə və digər problemləri əks etdirən bəndlər də yer almışdır. Bundan başqa, “G-20”, həmçinin 3 illik müddəti əhatə edən korrupsiya ilə mübarizə planını təsdiqlədi, terror məqsədləri ilə internetdən istifadəyə qarşı mübarizə aparmağa çağırdı, o cümlədən miqrasiya problemlərinin səbəblərini aradan qaldırmaq üçün birlikdə fəaliyyət göstərməyin vacibliyini qeyd etdi. Növbəti sammitin 2019-cu ildə Yaponiyanın Osaka şəhərində keçirilməsi planlaşdırılır.

Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

5 Dekabr 2018 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin