Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lissabon bəyannaməsi – Ermənistana sarsıdıcı diplomatik zərbə

Lissabon bəyannaməsi – Ermənistana sarsıdıcı diplomatik zərbə

Ermənistanın işğalçılıq siyasətinin ifşası və yeni əsrin böyük cinayəti sayılan etnik təmizləmə və soyqırımı əməllərinin bütün dünyaya tanıdılması Azərbaycan dövlətinin ən ümdə vəzifələrindən biridir. Ərazimizin 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistanın beynəlxalq hüquq müstəvisində məğlubiyyətə düçar olması Azərbaycan Respublikasının qələbəsidir. Bu gün reallıq ondan ibarətdir ki, işğalçı rejim getdikcə daha çox təcrid olunur.
Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdışından sonra qısa zaman kəsiyində Ermənistanın dövlət səviyyəsində apardığı böhtanlara və yalanlara tutarlı cavablar vermiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş xarici siyasət yürütmüşdü. Xüsusilə də ATƏT-in Lissabon (Portuqaliya) sammitində qəbul olunmuş tarixi qərar Ermənistan üçün ağır zərbə olmuşdur. Çünki sammitin yekun qərarında Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması məsələlərindən söhbət gedirdi. Ən əsası, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edilmişdi. Belə bir qərarın qəbul edilməsinə nail olmaqla ümummilli lider Heydər Əliyev Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasını təmin etmişdi. 
Əlbəttə, belə bir qərarın qəbul olunması rəsmi İrəvanı razı sala bilməzdi və Ermənistan nümayəndə heyəti bütün gücünü işə salmaqla, yekun bəyanatın qəbul edilməsinə mane olmağa çalışmışdı. Vəziyyəti həm də bu fakt çətinləşdirirdi ki, ­ATƏT-də bu və ya digər qətnamələrin qəbulunda konsensus prinsipi vacibdir. Yəni dövlətlərdən biri hər hansı bir prinsipə "yox" deyərsə, o zaman həmin sənəd qəbul olunmur. Lakin həmin dövrdə ümummilli lider Heydər Əliyev çox böyük qətiyyət nümayiş etdirərək, sözügedən sənədin qəbul olunmasını təmin etmişdi. Ermənistan "veto" hüququndan yararlanaraq, münaqişənin tənzimlənməsi ilə bağlı sənəddə Azərbaycanın ərazi bütövlüyünün təminatı məsələsinin öz əksini tapmamasına çalışırdı. Ancaq ulu öndər Heydər Əliyev beynəlxalq normaları çeynəyən işğalçı Ermənistanın mövqeyinə cavab olaraq bildirmişdi ki, Azərbaycan heç bir halda, Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək. Böyük siyasi xadim Heydər Əliyev Lissabon sammitində çıxışında Ermənistanın BMT-nin nizamnaməsinə, ATƏT-in prinsiplərinə, beynəlxalq hüquqa əsaslanan bir qərarın qəbul edilməsindən boyun qaçırdığını vurğulayaraq, birmənalı şəkildə bildirmişdi ki, erməni tərəfinin başladığı münaqişə Azərbaycan xalqını çox böyük fəlakətlərə və iztirablara məruz qoyduğu kimi, erməni xalqını da ağır vəziyyətə salmışdır. 
Ulu öndər çıxışında ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarını Avropada sürəkli və viranedici regional münaqişələrdən biri olan Ermənistan –Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməməyə çağırmış və Avropada sülh, sabitlik və xalqların firavanlığı naminə bütün tədbirləri görməyin hamının müqəddəs borcu olduğunu diqqətə çatdırmışdı. Həyata keçirilən çevik və praqmatik siyasət nəticəsində işğalçı dövlət istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəkləmişdi. Bu isə o demək idi ki, işğalçı Ermənistan istisna olmaqla ATƏT-ə üzv bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı onun bir hissəsi kimi tanıyır. Qətiyyətlə təsdiqləmək olar ki, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi prinsiplərinin qəbul edilməsi Heydər Əliyev diplomatiyasının Ermənistan dövləti və bütün erməni diasporu üzərində parlaq qələbəsi kimi qiymətləndirilmişdi. Belə  prinsiplərin qəbul olunması münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrənin yaradılmasını təmin etmiş və vasitəçilərin vəzifələri müəyyən olunmuşdu.
Bu, bir faktdır ki, usta diplomat, məharətli siyasi xadim Heydər Əliyevin Azərbaycanla bağlı qərarın verilməyəcəyi təqdirdə yekun bəyannaməyə imza atmayacağını söyləməsi və irəli sürdüyü arqumentlər ATƏT ölkələrini inandırmış və son nəticədə ATƏT-in Minsk qrupunun həmsədrləri institutunun yaradılması məsələsi həllini tapmışdı. 1997-ci ilin aprel ayından etibarən həmsədrlərin bölgəyə səfərləri intensiv xarakter almağa başlamış və 1997-ci il iyunun 1-də həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etmişdilər. Həmin layihəyə əsasən, silahlı münaqişə dayandırılmalı və Dağlıq Qarabağın statusuna dair razılaşma əldə edilməli idi. Azərbaycan tərəfinin sözügedən sənədlərin mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan tərəfi təklif olunan yanaşmanı rədd etdi və rəsmi İrəvan bu qeyri-sağlam mövqeyini hələ də davam etdirir.  
Bir sözlə, Lissabon sammitində yekun sənədin qəbul olunması Azərbaycan diplomatiyasının parlaq qələbəsi kimi tarixə düşdü. Xüsusilə də Azərbaycanın milli maraqlarına cavab verən prinsiplərin yekun sənəddə öz əksini tapması Ermənistanın yalanlarına və böhtanlarına tutarlı cavab verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Lissabon sammitinin əhəmiyyətini qiymətləndirərkən ulu öndər Heydər Əliyev bildirmişdir: “Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan – Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik”. Buna görə də, əminliklə deyə bilərik ki, Lissabon sammiti Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq aləmdə qazandığı uğurların başlanğıcının əsasını qoymuşdu və hazırda rəsmi Bakı münaqişənin həll olunmasında məhz bu sənəddə əks olunan prinsiplərə əsaslanaraq ərazi bötüvlüyünün bərpa edilməsinə çalışır. 

Səbuhi MƏMMƏDOV, 
“Xalq qəzeti”

5 Dekabr 2018 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin