Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri orkestrinın Xalq artisti, tanınmış bəstəkar Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş konsert keçirildi. Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistləri iştirak etmişlər.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova çıxışında Hacı Xanməmmədovun çoxşaxəli fəaliyyətindən, tarixi əhəmiyyətindən, tar ifaçılığında etdiyi yeniliklərdən söz açmışdır.

Konsertin bədii hissəsi bəstəkarın konsert janrında yazdığı əsərlər və mahnılarından ibarət idi. Belə ki, Tar və orkesrt üçün 2 və 3 saylı konsertləri, kamança və orkestr üçün konserti gənc istedadların ifasında uğurla səsləndi. Bundan başqa dillər əzbəri olan “Qurban olduğum”, “Yaşa könül”, Yenə o bağ olaydı” (söz, M.Müşviq), “Niyə döndü”, “Güllü”, “Getmə amandır” (söz, Aşıq Ələsgər), “Aldatmayaq bir birimizi” (söz, Z.Ağayev) və başqa mahnıları zalda əyləşən tamaşaçıların arasıkəsilməz alqışları ilə müşayiət olundu. Nağaraçılardan ibatər “Qala ritm qrupu” ansamblı da konsertin maraqlı nömrələrindən biri idi.

Gecədə Uşaq-gənclər xalq çalğı alətləri orkesrtinin üzvləri Səma Vüqarlı, Ədilə Əliyeva, Kənan Hüseynov, Həzrət Əzizli, Respublika müsabiqələri laureatı Müjgan Zülfüzadə, Rəvan Mustafazadə, İsmayıl Əsədli, Yusif Əmiraslanov, Sənan Hacılı, Beynəlxalq və Respublika müsabiqələri laureatı Hüseyn Nağıyev, Əli Rüstəmbəyli, Fizzə Vəlizadə, Atlas Mehdiyeva, Beynəlxalq və Respublika müsabiqələri laureatı, Prezident təqaüdçüsü Lalə İbrahimova, Mirəli Əlizadə çıxış etmişlər.

Bununla da “Gənclərə dəstək” layihəsi çərçivəsində Xalq artisti, tanınmış bəstəkar Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi başa çatmışdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 Dekabr 2018 15:54 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə