Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı aktyor beynəlxalq festivalda birinci olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov İranın Təbriz şəhərində keçirilən “Əlif” beynəlxalq teatr festivalında “Ən yaxşı kişi” rolu nominasiyasında birinci olub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, aktyor festivalda ölkəmizi “Dəlinin qeydləri” monotamaşası ilə təmsil edib.

Festivalda böyük uğur qazanan Əməkdar artist mükafatların yaradıcı adam üçün stimul olduğunu qeyd edib: “Səhnə əsəri bu günə kimi bir çox xarici ölkələrdə - Rusiya, Ukrayna, Belarus, Moldova, İran, Türkiyə, Orta Asiya ölkələrində beynəlxalq festivallara qatılıb. Sevinirik ki, hər dəfə də müxtəlif zövqlü insanların, fərqli xalqlara xas tamaşaçıların, sənət bilicilərinin müsbət fikirlərini eşitmişik. Ümumiyyətlə Qoqolun qoyduğu problem ustadımız Cənnət Səlimovanın rejissor yozumunda son dərəcə aktualdır.

Qeyd edək ki, “Dəlinin qeydləri” monotamaşası gələn il fevral ayında İranda keçiriləcək növbəti “Fəcr” Beynəlxalq Festivalına dəvət alıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 Dekabr 2018 15:48 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə