Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial cəhətdən həssas qruplar əmək bazarına daxil ediləcək

Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi üzrə  5-ci təlim kursuna başlanıb. Təlim “Sosial cəhətdən həssas qrupların əmək bazarına daxil edilməsi” mövzusundadır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bununla bağlı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin proritetləri sırasında işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, xüsusilə də sosial cəhətdən həssas qrupların aktiv sosial müdafiə tədbirləri ilə əhatə olunmaqla, onların əmək bazarına çıxışına şərait yaradılması mühüm yer tutur. O, bu istiqamətdə Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən tədbirləri qeyd edib, həmçinin özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında sosial cəhətdən həssas qruplara üstünlük verildiyini deyib. Ötən dövrdə Beynəlxalq Əmək Təşkilatı ilə geniş əməkdaşlıq gündəliyinin formalaşdığını diqqətə çatdıran nazir müavini gələn il BƏT-in 100 illik yubileyinin qeyd olunacağını, ölkəmizdə də bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

O, təşkilatla birgə icra olunan Layiqli Əmək üzrə Ölkə Proqramının Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə, o cümlədən məşğulluq orqanları əməkdaşlarının bilik və peşəkarlığının artırılmasına mühüm dəstək olduğunu vurğulayıb. Bu məqsədlə beynəlxalq ekspetlərin iştirakı ilə ardıcıl olaraq təşkil edilən təlim kurslarının əhəmiyyətindən bəhs edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin artırılmasının və əməkdaşların peşəkar bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb, bu məqsədlə BƏT-in dəstəyi ilə belə təlim kurslarının təşkilinin önəmindən bəhs ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 Dekabr 2018 15:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə