Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİİ-də “Vəhdət” sənədli filminin nümayişi olub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanmış “Vəhdət qanımızdadır” sənədli filminin ilk nümayişi olub.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov Aİİ-nin ölkə Prezidenti cənab İlham Əliyevin 9 fevral  2018-ci il tarixli  Sərəncamı ilə yaradıldığını qeyd edib. Rektor bildirib ki, institutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Ölkədə tolerant və multikultural dəyərlərin qorunmasının dövlət-din siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan rektor milli-mənəvi dəyərlərin zənginləşdirilməsinə, məscid, kilsə və sinaqoqların inşasına, təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayrıldığını qeyd edib.

Tədbirin əhəmiyyətini vurğulayan institut rəhbəri Azərbaycanda müxtəlif dinlərə məxsus insanların dinc şəraitdə yaşadıqlarını, sünni və şiə məzhəb nümayəndələrinin birlikdə Vəhdət namazı qıldıqlarını Azərbaycanın multikulturalizm modelinə nümunə kimi qiymətləndirib. Rektor qeyd edib ki, son illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı bir  neçə filmdən biri olan “Vəhdət” dini maarifləndirmə işinə öz töhfəsini verəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, dövlət-din modeli ölkəmizin siyasətində əhəmiyyətli yerlərdən birini tutur. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verən S.Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsidir. S. Heydərov İslam dininin sülh dini olduğunu qeyd edib. O vurğulayıb ki, bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İslam dinindən, din amilindən istifadə edirlər.

“Gəncliyə Yardım” Fondunun prezidenti Ahmet Tecim, Türkiyənin Azərbaycandakı  Səfirliyinin din işləri üzrə müşaviri professor Kamil Günəş DQİDK-nın sifarişi ilə hazırlanmış “Vəhdət qanımızdadır” sənədli filminin əhəmiyyətini qeyd etməklə yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının ölkədə dini maarifləndirmə işinin gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi  qiymətləndirmişlər.

Tədbirin sonunda Aİİ tələbələri Azərbaycandakı məzhəblərarası birliyi və qardaşlığı tərənnüm edən “Vəhdət qanımızdadır” sənədli filminin nümayişi ilə bağlı fikirlərini bildiriblər.

 

“Xalq qəzeti”

4 Dekabr 2018 18:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə