Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qocaman jurnalistlə Azərbaycan Mətbuat Şurasında görüş keçirilib

Yola salmağa hazırlaşdığımız 2018-ci ildə ömrünün səkkizinci onilliyini tamamlayıb, doqquzuncu onilliyinin hesabını açan qocaman jurnalistlərdən biri də Əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü Zöhrab Zeynallı oldu.

Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında keçirilən görüşdə qurumun sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubiliyar yazarı səmimi təbrik edib, ona möhkəm cansağlığı, undan sonra da bilik və təcrübəsini jurnalistlərin gənc nəslinə öyrətmək işində uğurlar arzulayıb. AMŞ sədri Azərbaycan jurnalistikasının inkişafındakı  xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə layiq görüldüyü Azərbaycan Mətbuat Şurasının jubiley diplomunu Zöhrab Zeynallıya təqdim edib. Həmkarımıza Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi də verilib.

Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə görüşdə qocaman jurnalistin gənclər üçün örnək olan ömür yolundan söz açaraq bildirib ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 56 il əvvəl bitirmiş həmkarımız peşə fəaliyyətinə nüfuzlu “Elm” nəşriyyatında başlayıb, az sonra Azərbaycan Dövlət Teleradiosuna dəvət edilib. Burada o, ölkənin ilk ədəbi-bədii və informasiyalı radio yayımı “Araz” proqramının yaradıcılarından olub.

Qeyd edilib ki, sonrakı illərdə Zöhrab müəllim Azərbaycan Radiosunda şöbə müdiri, baş redaktor və proqram direktoru vəzifələrində çalışıb, ömrünün yarım əsrə yaxınını radiojurnalistikaya həsr edib. O, Moskvada İctimai Elmlər Akademiyasını bitirmiş bir neçə Azərbaycan jurnalistindən biri olub. Zöhrab Zeynallı bu gün də yaradıcılığını və ictimai fəaliyyətini davam etdirir.

Çay süfrəsi arxasında davam edən görüşdə yubiliyar göstərilən diqqətə görə razılığını bildirib, ömür yolundan maraqlı epizodlar danışıb.

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti

4 Dekabr 2018 17:49 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə