Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baki Xoreoqrafiya Akademiyasinda Xalq şairi Məmməd Arazin 85 illiyi qeyd olunub

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, akademiyanın professor-müəllim və tələbə heyəti iştirak ediblər. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev konfransı giriş sözü ilə açaraq Məmməd Arazın həyat yolu, fəaliyyəti və yaradıcılığından bəhs edib. T.Əfəndiyev qeyd edib ki, Xalq şairi Məmməd Araz yaradıcılığında əks etdirdiyi  mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə ədəbiyyatımızda qiymətli mövqe qazanıb:” Xüsusilə də şairin yaradıcılığındakı milli azadlıq ideyası, vətənpərvərlik və Cənubi Azərbaycan nisgili özünü qabarıq şəkildə büruzə verir. Buna nümunə olaraq “Ayağa dur, Azərbaycan”, “Bu gecə yuxumda Arazı gördüm”, “Məndən ötdü, qardaşıma dəydi” və bir çox başqa şeirlərini göstərmək olar”.

Sonra BXA-nın İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova da tədbir iştirakçılarına görkəmli şair Məmməd Araz haqqında ətraflı məlumat verib.   A. Hüseynova bildirib ki, şairin şeirlərində həyat eşqi, insani duyğular,  folklor nümunələri  geniş və dolğun əks olunmuşdur.

Tədbirdə həmçinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev “Məmməd Araz yaradıcılığında milli istiqlal ideyalarının tərənnümü”, sənətşünaslıq  üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov “Poeziyamızın Məmməd Araz zirvəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “Məmməd Araz şeirinin poetik özünəməxsusluğu” adlı məruzələrlə çıxış ediblər.

Daha sonra isə akademiyanın kitabxana-informasiya mərkəzinin müdiri İradə Mehdiyevanın təşkil etdiyi Məmməd Arazın 85 illik yubileyinə həsr edilmiş kitab sərgisi nümayiş olunub. Sərgidə şairin çap olunmuş kitabları və şeirinə bəstələnmiş musiqi diski yer alıb.

Elmi-nəzəri konfrans akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadənin ifasında şairin “Vətən desin” şeiri, İncəsənət fakültəsi tələbələrinin ifasında Məmməd Arazın şeirlərindən seçmələr və şeirlərinə bəstələnmiş mahnılarla yekunlaşıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 Dekabr 2018 13:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə