Ən son xəbərlər
Azərbaycan Dövlət Musiqili Teatrının foyesində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən nəşr edilən, nəfis şəkildə tərtib olunmuş “Əlillik Qüsur Deyil” kitab-albomunun və əlilliyi olan şəxslərin əl işlərindən ibarət hazırlanmış hədiyyələrin təqdimatı keçirilib.
“Əlillik Qüsur Deyil” kitab-albomunda ümummilli liderimiz Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əlillliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları da əhatə edən nəcib və xoşməramlı layihələrindən bəhs olunur. Kitab-albomda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə qayğısı, onlarla keçirdiyi görüşlər də əksini tapır.
Eyni zamanda, kitab-albomda yaradıcılıq potensialına sahib olan, incəsənətin müxtəlif növləri ilə məşğul olan 60-a yaxın fiziki məhdudiyyətli insan barədə məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapır. Azərbaycan idmanı üçün yenilik olan Boccia İdman Federasiyası və boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanlar, onların uğurları, həmçinin ilk inklüziv teatr olan ƏSA teatrı, onun əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyəti, hazırladıqları tamaşalar və s. barədə kitab-albomda məlumatlar yer alıb. 278 səhifəlik kitab-albomdakı mətnlər həm Azərbaycan, həm də ingilis dilində təqdim olunur. Kitab-albomun gələcəkdə başqa dillərdə də nəşri nəzərdə tutulub.
“Əlillik Qüsur Deyil” kitab-albomu nazirliyin nəzdindəki sosial müəssisələrin sakinlərinin yaradıcı fəaliyyətini, onların yaradıclıq nümunələrini kitab-albom kimi əhatə edən ilk nəşrdir. Gələcəkdə bu kitab-albom əsasında yaradıcılıqla məşğul olan əlillərin elektron reyestrinin, daha sonra həmin reyestr əsasında onlar üçün əl işlərinin satışı portalının yaradılması da nəzərdə tutulur.
Sərgi-yarmarka çərçivəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzinin və uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərindən ibarət rəqs qruplarının çıxışı olub.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə