Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fiziki məhdudiyyətli şəxslər özünüməşğulluq proqramına cəlb olunub

Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. 2018-ci ildə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1000 nəfərdən çox əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Onlardan artıq 300 nəfəri proqram çərçivəsində mal və materiallarla təmin edilərək kiçik ailə təsərrütlarını  yaradıb ki, bu da onların kiçik sahibkarlığına çıxışına imkan verib. Digərlərinin də mal və materiallarla təminatı davam edir.

Fiziki məhdudiyyətli insanların sosial təminatlarının gücləndirilməsi, onların reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün digər istiqamətlərdə də mühüm işlər aparılır. Həmin insanlarla bağlı qanunvericilik aktlarında bir çox güzəşt və əlavə təminatlar da əksini tapıb.

Milli qanunvericiliyin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 may 2018-ci il tarixdə 8 fəsil və 40 maddədən ibarət “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun təsdiq edilib. Qanunda  əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, əlilliyi olan şəxslərin reabilitasiyası və abilitasiyası, Fərdi Reabilitasiya Proqramı, infrastruktur obyektlərinin və iş yerlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, onların təhsili və peşə hazırlığı, əmək hüququnun və məşğulluğunun təmin edilməsi və s. məsələlər üzrə maddələr əksini tapıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 Dekabr 2018 12:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə