Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rebilitasiya müəssisələrində 10 mindən çox əlilə xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi vardır ki, onlarda hər il 10 mindən çox əlilliyi olan şəxsə bərpa müalicəsi xidməti göstərilir. Dövlət başçısının göstərişi ilə Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər hazırda davam etdirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri, xoşməramlı layihələri də fiziki məhdudiyyətli insanların qayğı ilə əhatə olunmasında, onların reabilitasiyasında mühüm rol oynayır. Fondun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin və görmə məhdudiyyətli insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin qurulması, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün mütəmadi olaraq xeyirxah aksiyaların təşkil olunması və s. bunun əyani təsdiqidir.

Nazirlik tərəfindən bu ilin 11 ayında 8,2 min əlilliyi olan şəxsə (o cümlədən 956 nəfər Qarabağ müharibəsi əlilinə) və sağlamlıq imkanları məhdud uşağa 29,4 min müxtəlif reabilitasiya vasitəsi, o cümlədən 1200-ə yaxın əlil arabası verilib. Bakıya gələ bilməyənlərə reabilitasiya vasitələri yaşadıqları rayonlarda, hətta  evlərində aparılıb verilir.

Fiziki məhdudiyyətli insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması məqsədilə tədbirlər də təşkil olunur. Həmin tədbirlərin davamı olaraq, nazirliyin təşkilatçılığı ilə 3 Dekabr -Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar Bakıda Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - müsabiqəsi (İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Qoşa qala qapısı tərəfdən girişdə) təşkil olunub. Bu gündən başlayan və üç gün davam edəcək sərgi-müsabiqədə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin 1500-dən çox əl işi nümayiş olunur. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin satışına da şərait yaradılıb.

Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi də onların cəmiyyətə inteqrasiyasında vacib amillərdəndir. Bu istiqamətdə işlərin davamı olaraq 2018-ci ilin 11 ayında ƏƏSMN yanında  Dövlət Məşğulluq Xidməti vasitəsilə 500-dən çox əlilliyi olan şəxs işlə, 60-dan çox əlilliyi olan şəxs ödənişli ictimai işlə təmin olunub. Dövlət Məşğulluq Xidməti və ƏƏSMN yanında  Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 320-dək əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 Dekabr 2018 12:31 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə