Ən son xəbərlər
Azərbaycan da əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin mütərəqqi beynəlxalq yanaşmalara, xüsusilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulduğu və ildən-ilə gücləndiyi ölkələrdən biridir.
Ümummilli liderimiz Heydər Əliyev fiziki məhdudiyyətli insanların diqqət və qayğı ilə əhatə olunmasını dövlətimizin sosial siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edərək, bu istiqamətdə mühüm tədbirlərin, sosial proqramların əsasını qoyub. Ölkəmizdə dinamik iqtisadi inkişafla bərabər güclü sosial siyasətin aparılmasını təmin edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atılır.
Ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs vardır ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar. Başqa sözlə, 2018-cı il 1 oktyabr tarixinə respublikamızda olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.
Əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı müharibə əlilləri və onlara bərabər tutulanlar, həmçinin yalnız aylıq müavinət alan ümumi səbəblərdən I qrup əlilliyi olanlar Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən də təqribən 75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlilliyi olanlardır. İndiyədək 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə isə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin uşaqlarına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir. Evlərində sosial xidmətlə təmin edilənlərin 2,3 minə qədəri əlilliyi olan şəxslərdir. Aparılan işlərin davamı kimi, 2018-ci ildə ƏƏSMN tərəfindən 1229 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə