Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 514 Bakı şəhəri, 30 noyabr 2018-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 may tarixli 80 nömrəli və “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə 
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 452; 2012, № 2, maddə 184; 2013, № 6, maddə 744; 2014, № 1, maddə 69; 2016, № 4, maddə 834; 2017, № 6, maddə 1228, № 10, maddə 1876; 2018, № 6, maddə 1379, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.3-cü bəndin birinci cümləsindən “xüsusi razılığı (lisenziyası) olan” sözləri çıxarılsın;
1.2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. Sənaye qaz qurğularının istismara buraxılması Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra - Enerji Məsələlərini Tənzimləmə Agentliyi) verdiyi icazə əsasında həyata keçirilir.”;
1.3. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi aşağıdakı sənədlər əsasında həyata keçirilir:
2.4-1.1. qaz paylayıcısının verdiyi texniki şərt;
2.4-1.2. Enerji Məsələlərini Tənzimləmə Agentliyi və qaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi;
2.4-1.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə istehlakçı arasında təhvil-təslim aktı;
2.4-1.4. buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt;
2.4-1.5. quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları;
2.4-1.6. qaz sayğacının quraşdırılması aktı.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1032; 2014, № 1, maddə 69; 2016, № 2 (II kitab), maddə 361, № 11, maddə 1951; 2017, № 7, maddə 1486; 2018, № 4, maddə 834, № 6, maddə 1366) ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir:
3.2-1.1. ETM-in və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;
3.2-1.2. Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ETM ilə razılaşdırılmış enerji təchizatı layihəsi;
3.2-1.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;
3.2-1.4. elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;
3.2-1.5. kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;
3.2-1.6. transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;
3.2-1.7. elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı;
3.2-1.8. elektrik sayğacının quraşdırılması aktı.”. 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə