Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Multikulturalizm ənənələrimiz İsveçrə ictimaiyyətinə təqdim olunub

Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə bu ölkənin yeganə ikidilli ali təhsil müəssisəsi olan Friburq Universitetinin Sosial Elmlər fakültəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun "Azərbaycanda dövlət-din münasibətləri və dini siyasət” mövzusunda mühazirəsi dinlənilib.

Friburq Universitetinin professor heyəti və tələbələrinin iştirak etdiyi mühazirədə E.Nəcəfov auditoriyanı Azərbaycanın multikulturalizm ənənələri və bu fenomenin səbəbləri barədə məlumatlandırıb, ölkəmizdə mövcud olan müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasəti barədə ətraflı danışıb.

Mühazirə vaxtı qeyd edilib ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasəti, həm də cəmiyyətin həyat tərzidir və Azərbaycan etnik və dini zəmində münaqişənin yaşanmadığı nadir dövlətlərdən biridir. Azərbaycanda bütün dinlərə məxsus mədəniyyət abidələri qorunduğu halda, Ermənistanın işğalı altında olan torpaqlarımızda Azərbaycanın dini-mədəni abidələrinin dağıdıldığı da iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda daxili siyasət kimi multikulturalizmin Azərbaycanın xarici siyasətinə təsirinə, bu təsirin xarici siyasətimizi əməkdaşlıq və dinlərarası dialoqu təşviq etməyə yönəltdiyinə toxunulub və bu kontekstdə auditoriyaya "Bakı Prosesi”, bu proses çərçivəsində ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər barədə məlumat verilib.

Daha sonra auditoriyanın Azərbaycanın dünyəvi dövlət ənənələri, dini icmaların fəaliyyətinin tənzimlənməsi, ölkəmizdə dini və milli kimlik anlayışları, Azərbaycanın gələcəyə baxış strategiyası, "Bakı prosesi” çərçivəsində Ermənistan və Azərbaycan arasında barışıq təşəbbüsləri və s. barədə suallarına aydınlıq gətirilib.

Sonda Friburq Universiteti tərəfdən mühazirənin təşkilatçısı olan professor Ansqar Yödikeyə "Azərbaycan multikulturalizmi” və "Azərbaycan multikulturalizminin ədəbi qaynaqları” kitabları hədiyyə edilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 Dekabr 2018 12:56 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə