Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İndependent” nəşrində məqalə dərc olunub

Böyük Britaniyanın nüfuzlu “İndependent” nəşrində “Bakı incəsənət marşrutuna necə çevrilir?” başlıqlı yazı dərc edilib. Müəllif Stephanie d’Arc Taylor məqalədə bu yaxınlarda (6-11 noyabr) Bakıda YARAT Müasir İncəsənət Məkanının layihəsi üzrə ikinci dəfə keçirilən M.A.P. (musiqi, incəsənət, performans) Beynəlxalq teatr festivalından bəhs edir.

“M.A.P. festivalı bu şəhərin dünya incəsənət xəritəsində öz yerini tapmasına kömək edir”, - deyə vurğulayır. Festivalın səhnə əsərlərindən biri – A.Çexovun “Vanya dayı” pyesi əsasında Kioto (Yaponiya) “Chiten” teatrının hazırladığı və yapon dilində (ingilis və Azərbaycan dilində titrlərlə) təqdim olunan tamaşa haqqında təəssüratını bölüşən məqalə müəllifi rus yazıçısının bu sözlərini diqqətə çatdırır: “İnsana ağıl və yaratmaq gücü bəxş edilmişdir ki, ona verilənləri artıra bilsin”.

Müəllif qeyd edir ki, zəngin neft yataqları, xalçaları ilə tanınan Azərbaycan sərvətlərindən istifadə edərək dəyişməyə çalışır və paytaxt Bakı şəhərini incəsənət və memarlıq üzrə beynəlxalq mərkəzə çevirir. Qeyd olunur ki, mədəniyyətə dəstək sayəsində Sovet İttifaqının dağılmasından sonra böhran dövrü keçirmiş incəsənət canlanıb və bu, ölkəyə turistlərin cəlb edilməsinə də zəmin yaradıb.

Yazıda vurğulanır ki, beynəlxalq səviyyəli media nümayəndələrinin iştirakı ilə geniş reklam olunan festivallar və müasir memarlıq abidələri bu təkana nümunədir. Bunlar hökumət və korporativ sponsorlar tərəfindən maliyyələşdirilir və onlar xalq bu cür beynəlxalq səviyyəli layihələrlə yaradılan şəraitdə yaradıcılığının xalq inkişaf edəcəyini düşünürlər.

Məqalə müəllifi M.A.P. festivalının 2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan YARAT Müasir İncəsənət Məkanının yeni layihələrindən biri olduğunu qeyd edərək bildirir ki, 2017-ci ildə ilk təşkil olunan festival bu dəfə əhatə dairəsini genişləndirib. Builki festivalda doqquz ölkədən 16 tamaşa göstərilib. Vurğulanır ki, bu festivalda təqdim olunan tamaşalar Bakıda sənətsevərlərin görüb-alışdığı tamaşalardan fərqli səhnə əsərləridir.

Müəllif daha sonra layihənin kuratoru, YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Suad Qarayeva-Maleki ilə söhbətini diqqətə çatdırır. O, vurğulayır ki, Azərbaycan müstəqilliyinin bərpasından sonra ilk illərdə çətin bir dövr yaşayıb. Bu gün dövlətin dəstəyi sayəsində incəsənət inkişaf edir. Azərbaycan hökuməti mədəni təşəbbüsləri, müxtəlif festivalları dəstəkləyir. Bakının yeni memarlıq simalarına çevrilən Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi kimi tikililər şəhəri gözəlləşdirir.

S.Qarayeva-Maleki qeyd edir ki, YARAT təşkilatının fəaliyyətinin bir hissəsi şəxsi emalatxanalarda, “ev şəraiti”ndə yaranan incəsənətin “alovunu gücləndirmək” və gənc azərbaycanlı rəssamların özlərinin tanıdılmasına kömək etməkdir. YARAT-ın ARTIM Layihə Məkanı bu gənc nəslə uyğun gəlir.

Məqalə müəllifi qeyd edir ki, YARAT-ın təşəbbüsləri, “imkanlar və nisbətlər” məkanı olması Kolumbiyada doğulmuş, hazırda Norveçdə yaşayan Pedro Gomez-Egananı öz işlərini Azərbaycana gətirməsi üçün həvəsləndirib. O, həmçinin YARAT-ın bədii rəhbəri Suad Qarayeva-Malekinin vizyonundan ilhamlanıb. Rəssam deyir ki, Suad Qarayeva-Maleki ilə görüşdən əvvəl Bakı mənim planımda yox idi. “İncəsənət hər zaman şəhərin brendləşməsi üçün bir üsul ola bilər. Ancaq bu cür imkanların nəyə qadir olduğuna da dəyər verməliyik. Auditoriya toplayan və təcrübələr yaradan gözəl işlər nümayiş etdirə bilən maraqlı insanlar və ideyalar var”, - deyə kolumbiyalı rəssam bildirir.

“İndependent”in yazarı məqalənin sonunda Azərbaycan paytaxtında “mütləq ziyarət edilməli olan” mədəniyyət və incəsənət məkanlarını da oxucuların diqqətinə çatdırır. Bu sırada Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, YARAT Müasir İncəsənət Məkanı, YARAT Rəngkarlıq Muzeyi və digər məkanlar qeyd edilir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 Dekabr 2018 12:31 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə