Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İbrahim İlyaslının yubileyi keçirilib

Öncədən bildirim ki, şəxsiyyətinə, yaradıcılığına xüsusi hörmət etdiyim İbrahim İlyaslının yubiley təntənəsinə mən də dəvətli idim. İbrahim müəllimlə şəxsi tanışlığıma səbəb Türkiyədə keçirilən bir rəsmi tədbirdə səfər yoldaşlığım olub. “Qardaşını tanıyirsanmı?—Yoldaş olmamışam”,-- deyiminə üz çevirsək, deyərdim ki,  3-5 günlük səfərdə insanı daha yaxşı tanımaq olur. Çünki hər adamla yol yoldaşı olmaq, xarakterinə bələd olmadığın insanla dil tapmaq bir az asan məsələ deyil. Bu mənada mən ona mədəniyyətinə, davranışına, ədəb-ərkanına, abırlı insan olduğuna görə, həm də bir qardaş kimi hörmət edirəm. Onun yubileyi münasibətilə Atatürk Mərkəzində keçirilən tədbirdə səhhətimlə bağlı iştirak edə bilməmişdim. Bu dəvətdə isə yəqinliyim vardı ki, mütləq orda olacağam. Nə təsadüf ki, həmin gün qəzetin növbətçisi idim və heç cür getməyim alınmadı. 60 illik yubileyinə Allahdan ömür arzuladım. Fikrimdə həm də geniş bir yazı ilə onu təbrik etmək vardı. Alınmadı. Ona görə də, Sumqayıt Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətinin məlumatı ilə tədbir haqqında səthi görüntü yaratmaq istədim.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin (SRMİ) dəstəyi ilə baş tutan tədbiri giriş sözü ilə idarənin Abşeron nümayəndəliyinin rəhbəri İlham Manafov açaraq yubilyarı təbrik edib və ona xatirə hədiyyələri təqdim edib.

Tədbirin aparıcısı DGTYB Məsləhət Şurasının sədri, Atatürk Mərkəzinin şöbə müdiri şair-publisist Əkbər Qoşalı yubilyarın həyat və yaradıcılığından ətraflı bəhs edib və eyni zamanda dost ölkələrin ədəbi qurumlarından İbrahim İlyaslıya ünvanlanmış təbrik teleqramlarını oxuyub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər şairin yaradıcılığı haqda məruzə ilə çıxış ediblər. AYB Abşeron bölməsinin sədri Şəhla Ağbulud, AYB Qubadlı regional bölməsinin sədri Namiq Məna, təbrizli şair Çalğın Məhəmməd, yazıçı Varis, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Taleh, şairlər Rəfail İncəyurd, Elməddin Nicat, Elvin Əlizadə çıxış edərək yubilyar haqqında öz ürək sözlərini söyləyib, onu 55 illik yubileyi münasibəti ilə təbrik ediblər.
Sənətçi Şəmistan Əlizamanlı, təbrizli müğənni İbrahim Əlizadə, müğənni Zəka Vilayətoğlu, Orxan Məmmədli, bədii qiraətçi Xəzər Süleymanlı, aşıqlar – İlham Aslanbəyli və şagirdləri, Elməddin Məmmədli, Şaiq İncəli, Səyyad Aydınoğlu öz çıxışları ilə tədbirə xüsusi rəng qatıblar.
Tədbirin sonunda İbrahim İlyaslı çıxış edərək, ona göstərdikləri diqqətə görə Abşeron Rayon İcra hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Abşeron Mədəniyyət Mərkəzinin rəhbərliyinə, tədbirdə əməyi keçən hər kəsə, bütün iştirakçılara öz səmimi minnətdarlığını bildirib və yeni şeirlərindən bir neçəsini iştirakçılara təqdim edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 Dekabr 2018 12:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə