• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan mediasında “Ruhlar şəhəri” haqqında məqalə dərc edilib

Pakistan mediasında “Ruhlar şəhəri” haqqında məqalə dərc edilib

Pakistan İslam Respublikasının  thefortress.com.pk  saytında Ağdam rayonunun  işğalının 25-ci ildönümü ilə əlaqədar məqalə işıq üzü görüb. (http://thefortress.com.pk/25th-anniversary-of-occupation-of-aghdam-city-by-armenia/)

“Xalq qəzeti”nin əməkdaşı Əfsanə  Ələsgərlinin müəllifi olduğu məqalədə  1993-cü il iyulun 23-də  Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən  işğal edilməsi və şəhərin darmadağın edilməsindən, müharibə dövründə  Ağdam məscidindən, bir zamanlar mədəniyyət şəhəri kimi tanınan Ağdamın hazırda “Ruhlar şəhəri” kimi tanınmasından, şəhər xarabalıqlarını gözləri ilə görən əcnəbi jurnalistlərin üzləşdikləri mənzərə ilə bağlı təəssüratlarından bəhs edilir.

Məqalədə vurğulanır ki, 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırıb və  2010-cu ildə şəhər  “Əl Cəzirə”nin onlayn versiyası tərəfindən  dünyanın “Ruhlar şəhəri” siyahısına əlavə edilib.

Məqalədə  14-15- yaşlarından məcburi köçkün düşmüş  Ağdam sakini Nail Hüseynovun doğulduğu doğma yurdu ilə bağlı uşaqlıq  təəssüratları, müharibənin uşaq hafizəsində qoyduğu acı xatirələr yer alır. Müharibənin onun uşaqlıq yaddaşında mənfi təsir etdiyini bildirən Nail Hüseynov  uşaqlıq dostu Elnur Şirinovla “İmarət” stadionunda Ağdamın “Qarabağ” futbol komandasının oyunlarını izlədiyini xatırlayır: “ İmarət” stadionu uşaqlıqda ən sevdiyim yer idi. Hər oyunda dostumla “Qarabağ” komandasına dəstək olurduq. Təəssüf ki, indi Ağdamdan ayrı düşmüşük, ancaq bizim  “Qarabağ” komandamız səsimizi dünyaya çatdırır”—deyə o əlavə edib.

Məqalədə həmçinin Pakistan və Azərbaycan arasında əlaqələrdən də bəhs edilir. Qeyd edilir ki, Pakistan Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biridir və 1991-ci il dekabrın 13-dən iki ölkə arasında diplomatik  əlaqələr başlayıb.

Pakistam İslam Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Məqalədə həmçinin  Pakistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmaması, Pakistan senatının Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etməsi də xüsusi vurğulanır.

Bildirilir ki, hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirir və bu məsələlər Bakıda Prezident İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynlə təkbətək görüşündə 2015-ci ildə bir daha vurğulanıb.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

 

 

30 2018 17:11 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin