→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Türkiyənin Giresun şəhərində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə konfrans keçirilmişdir

Türkiyənin Giresun Universitetində Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə konfrans keçirilmişdir. 
Azərbaycanın Türkiyədəki səfirliyi, Giresun valiliyi və Giresun Universitetinin təşkilatçılığı ilə keçirilmiş konfransın iştirakçıları Xocalı şəhidlərinin xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Giresun Universitetinin professoru Aygün Attar konfransı açaraq, Xocalı soyqırımından və Dağlıq Qarabağda ermənilərin törətdikləri digər qətliamlardan ətraflı bəhs etmişdir.
Giresun bələdiyyəsinin sədri Kərim Aksu və vali Dursun Əli Şahin çıxışlarında Xocalı soyqırımının bütün türk dünyasının faciəsi olduğunu, ermənilərin iç üzünü açdığını, qardaş Azərbaycanın bütün şəhidlərinin xatirəsinin Türkiyədə də ehtiramla anıldığını vurğulamışlar. Qeyd olunmuşdur ki, Türkiyə və Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasına ən çox töhfə verən ölkələrdir.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bildirmişdir ki, Xocalı soyqırımı xalqımızın qan yaddaşına həkk olunmuş ən dəhşətli faciədir. İyirmi il əvvəl ermənilərin vəhşicəsinə qətlə yetirdikləri 613 nəfərin əksəriyyəti uşaq, qadın və yaşlılar idi. Dünya ictimaiyyəti bu zülmə lazımi qiymət verməli, soyqırımı törədənlər layiqli cəzalarını almalıdırlar. Şəhidlərimizin qanı yerdə qalmayacaq, ermənilərin işğalı altında olan torpaqlarımız tezliklə azad olunacaqdır.
Konfransda Türkiyə Nazirlər Kabinetinin Dövlət Arxivləri İdarəsinin müdir müavini Mustafa Budak, Türk Tarix Kurumunun erməni araşdırmaları bölməsinin müdiri, professor Kamal Çiçək ermənilərin Anadolu və Azərbaycanda törətdikləri qətliamlardan sənədlər əsasında bəhs etmişlər.

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

 

 

 

21 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar