→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Türkiyənin Dənizli şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar konfrans keçirilmişdir

Türkiyənin Dənizli şəhərindəki Pamukkale Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar konfrans keçirilmişdir. 
Konfrans iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, bu soyqırımından bəhs edən sənədli filmə baxmışlar.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva konfransdakı çıxışında demişdir ki, Xocalı soyqırımını törədənlər bu gün Ermənistanda yüksək vəzifələr tuturlar. Bu ölkənin prezidenti, müdafiə naziri bu soyqırımının suçluları arasındadırlar. Azərbaycanın məqsədi bu günahkarların öz cəzalarını almasıdır. Xocalıda baş vermiş vandalizm təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı işlənmiş bir cinayətdir.
Q.Paşayeva Türkiyənin bütün şəhərlərində bu cür konfransların təşkil edildiyini diqqətə çatdıraraq əlavə etmişdir ki, əsas məqsəd Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanın iyirmi il öncə Xocalıda törətdiyi qətliama qardaş ölkə ictimaiyyətinin daha çox diqqətini cəlb etməkdir. Bu tədbirlər bütün dünyada keçirilir. Artıq, Pakistan və Meksika parlamentləri Xocalı soyqırımını tanımışlar. Yaxın zamanda bu ölkələrin sayı daha çox olacaqdır.
Milli Məclisin deputatı bildirmişdir ki, fevralın 26-da İstanbulun Taksim meydanında keçiriləcək möhtəşəm yürüş Xocalı soyqırımı və Dağlıq Qarabağ məsələsində Türkiyə ilə Azərbaycanın həmrəyliyinin daha bir örnəyi olacaqdır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Sinan Oğan da Xocalı soyqırımının Türkiyə parlamenti və digər ölkələrin qanunvericilik orqanlarında tanınması üçün aparılan işlərin zəruriliyindən bəhs etmişdir. O, fevralın 28-də TBMM-in plenar iclasında bu məsələnin müzakirə olunacağını, müxtəlif siyasi partiyaların nümayəndələrinin Taksim meydanında keçiriləcək yürüşdə iştirak edəcəklərini diqqətə çatdırmışdır.

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

22 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar