→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəl fevralın 7-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olmuşdur.
Türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilmiş, hər iki ölkənin dövlət himni səsləndirilmişdir.
Sonra Nejdət Özəl müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Səfər Əbiyev qonağa bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə məlumat vermişdir. Nazir qeyd etmişdir ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətindəki səyləri konkret nəticə vermədiyi üçün Azərbaycan işğal olunmuş torpaqlarını başqa vasitələrlə azad etmək məcburiyyətində qalır və buna görə də Silahlı Qüvvələrini getdikcə gücləndirir.
Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğu görüşdə bu əlaqələrin daha da dərinləşməsinin vacibliyi vurğulanmışdır. Bu mənada NATO çərçivəsində, həm də ikitərəfli qaydada Türkiyə-Azərbaycan hərbi əlaqələrinin verdiyi töhfə xüsusi qeyd olunmuşdur.

8 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar