→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Sumqayıtlı gənclərin uğurları böyükdür

Gənclər şəhəri kimi tanınan Sumqayıt hər zaman dinamik və qaynar həyatı ilə seçilir. Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənovun dediyinə görə, elə bir gün olmur ki, Sumqayıtda bir neçə sanballı, yaddaqalan tədbir keçirilməsin. Həmin tədbirlərin əksəriyyətinin əsas aparıcı qüvvəsi məhz gənclər olurlar.
N.Nərimanov adına Mədəniyyət Evində düzənlənən növbəti belə tədbir 2 Fevral Gənclər Gününə həsr olunmuşdu. Bayırda güclü şaxta və qar olmasına baxmayaraq, gənclər öz qəlblərinin hərarəti ilə tədbirə əsl yaz ovqatı qatmışdılar. Bu da səbəbsiz deyildi. Ötən illərdə Sumqayıt gəncləri istər ictimai-siyasi həyatda və intellektual aləmdə, istərsə də mötəbər idman yarışlarında çoxlu qələbələrə imza atıblar.
Tədbirdə düz 15 il öncə ulu öndər Heydər Əliyev tərəfindən təsis edilmiş Gənclər Gününün önəmi açıqlandı. Şən musiqi sədaları altında davam edən bayram tədbirini elə şəhərin ən istedadlı oğlan və qızları rövnəqləndirdilər. Onların təqdim etdiyi oynaq rəqslər, həzin və lirik mahnılar hər kəsi yetərincə duyğulandırdı. H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı aktyorlarının səsləndirdiyi şeirlər bayramın şirinliyini daha da artırdı.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev ölkədə həyata keçirilən gənclər siyasətinin uğurlarından, sabahımızın sahibləri olacaq nəslin nümayəndələrinə dövlət qayğısından ətraflı bəhs etdi. O dedi ki, Sumqayıt gəncləri də daim irəliyə can atır və fərəhli nəticələr əldə edirlər. Son illərdə burada üç böyük idman kompleksi inşa edilib. İki ay öncə Azərbaycan Prezidenti İlham Əliyev şəxsən Sumqayıt Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Yaxın vaxtlarda Gənclər Sarayının tikilməsi ilə ən fəal təbəqənin həyatı daha da dolğunlaşacaq.
Sonra müxtəlif nominasiyalar üzrə ötən ilin qalib gəncləri elan edildi. Onların hər birinə xüsusi diplomlar təqdim olundu.

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

4 Fevral 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar