→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

İstanbulda "Köç - Qarabağ torpağı üşüyürmü?" mövzusunda rəsm sərgisinin açılışı olmuşdur

İstanbuldakı Bahçeşehir Universitetində "Köç - Qarabağ torpağı üşüyürmü? " mövzusunda rəsm sərgisinin açılışı və şeir gecəsi olmuşdur. 
Xocalı soyqırımı mövzusunda türkiyəli rəssam Funda İycə Tuncelin əsərlərinin nümayiş etdirildiyi tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Bahçeşehir Universitetinin prorektoru Əli Güngör, Milli Məclisin deputatları Elman Məmmədov, Məlahət İbrahimqızı və Azay Quliyev çıxış etmişlər.
Tədbir iştirakçılarına XX əsrin ən dəhşətli faciələrindən biri olan bu soyqırımın səbəbləri barədə məlumat verilmişdir.
Baş konsul Həsən Zeynalov Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması qanununu ilə bağlı qərarına etirazın daha çox Azərbaycandan gəldiyini, amma buna baxmayaraq Türkiyədəki bəzi mətbuat orqanlarının ölkəmizə qarşı qərəzli yazılar dərc etdirdiyini vurğulamışdır.
Milli Məclisin deputatı Elman Məmmədov isə bildirmişdir ki, Xocalı qətliamı Ermənistan ordusunun azərbaycanlı dinc insanlara qarşı törətdiyi soyqırımıdır.
Xocalı soyqırımının canlı şahidləri Tamilla Bilalova və Rahilə Quliyeva yaşadıqları dəhşətli hadisələrdən, ermənilərin vəhşiliklərindən danışmışlar.
Mərasimdə şairə Handan Kayakökü "Qarabağ torpağı üşüyürmü?" şeirini oxumuşdur.

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri,
Ankara

22 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar