→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

İlk telekommunikasiya peykinin idarə edilməsini həyata keçirəcək mütəxəssis heyəti Malayziyaya səfər edəcəkdir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, "Azərkosmos" ASC-nin Azərbaycanın ilk telekommunikasiya peykinin idarə edilməsini həyata keçirəcək 25 nəfərdən ibarət mütəxəssis heyəti yaxın günlərdə layihə üzrə əməkdaşlıq çərçivəsində Malayziyanın "MEASAT" şirkətində peykin idarə edilməsi və istismarı prosesinin daha dərindən mənimsənilməsi, peşəkar təcrübə və vərdişlərə yiyələnmək məqsədi ilə Malayziyanın Kuala-Lumpur şəhərinə yola düşəcəkdir. 
Bununla əlaqədar, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azərkosmos" ASC-də qurumun texniki mütəxəssis heyəti ilə görüşmüşdür.
Görüşdə "Azərkosmos" ASC-də görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilmiş və cəmiyyətin texniki mütəxəssis heyətinin hazırlanması və kadr potensialının inkişafına xüsusi diqqət yetirildiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, hələ ötən ilin oktyabr-noyabr aylarında "Azərkosmos" ASC-nin əməkdaşları Malayziyanın "MEASAT" şirkətində və peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" korporasiyasında müvafiq treninq və ixtisasartırma kurslarında iştirak etmişlər.Cari ildə də intensiv təlim prosesi davam etdirilir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə kosmik sənayenin yaradılması, telekommunikasiya peyklərinin orbitə çıxarılması və respublikada ümumi intellektual potensialın və imkanlarımızın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini qeyd etmiş və bu yönümdə perspektivlərdən danışmışdır. Sonra nazir işçilərin sosial vəziyyəti ilə maraqlanaraq qarşıdan gələn 5 ildə kosmik sənayenin inkişafı üzrə prioritet istiqamətləri vurğulayaraq peykin orbitə çıxarılması və istismarı kimi məsuliyyətli bir işdə "Azərkosmos" ASC-nin kollektivinə uğurlar arzulamışdır.
Mütəxəssislər onlara göstərilən böyük dövlət qayğısına görə ölkəmizin başçısına minnətdarlıq ifadə etmiş və onlara göstərilən bu etimadı layiqincə doğruldacaqlarına əminliklərini bildirmişlər.

AzərTAc

17 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar