→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Heybət-Biləcəri mənzilində 11 kilometr yolun əsaslı təmiri başa çatdı

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir. 
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, yanvarın 7-də Heybət - Biləcəri mənzilinin 528-518-ci kilometrində 11 kilometr yolun əsaslı təmirinə start verilmişdir. Təmir işləri, günaşırı olmaqla həyata keçirilmişdir və yanvarın 31-də başa çatmışdır.
Məlumat üçün bildirək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankının ayırdığı 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmişdir.
Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunmuşdur.
Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan yolların təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu qrafikə uyğun həyata keçirilir. Bu günə kimi 50 kilometr yol əsaslı təmir olunub və 2012-ci il ərzində Bakı-Böyük Kəsik sahəsində 111 kilometr yolun əsaslı təmir olunması nəzərdə tutulur.

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

2 Fevral 2012, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar