→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Gəncə şəhərinin baş planı müzakirə edilmişdir

Gəncə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhərin baş planının yekun müzakirəsi keçirilmişdir. Şəhərin 2030-cu ilədək inkişaf strategiyası və infrastrukturunun inkişafı nəzərdə tutulmuş baş planın təqdimatında layihənin baş memarı Rasim Əmirov bildirmişdir ki, konseptual inkişaf layihəsinə əsasən şəhərin ərazisi iki dəfə böyüdülərək 17 min hektara çatdırılması nəzərdə tutulmuşdur. Hazırda şəhərdə yaşayış ərazilərinə 1 hektara 97 nəfərin düşdüyünü bildirən layihənin baş memarı demişdir ki, həyətyanı sahələr nəzərə alınaraq baş planda bu rəqəm artırılaraq orta hesabla 100-120-yə çatdırılmışdır.
Müzakirə zamanı yeni layihəyə uyğun olaraq şəhərdə bir sıra zonaların yaradılmasının da nəzərdə tutulduğu qeyd edilmişdir. Bunlar sənaye, təhsil, səhiyyə, turizm, incəsənət və mədəniyyət, bir sıra istirahət zonaları olacaqdır. Gəncənin iri sənaye mərkəzinə çevrilməsi məqsədi ilə yaradılacaq sənaye mərkəzində əsasən ağır sənaye, innovasiya tutumlu sahələr, toxuculuq və quşçuluq müəssisələrinin yaradılması planlaşdırılmışdır. Eyni zamanda, baş planda şəhərin qədimliyini və tarixi abidələrini qorumaq üçün milli qoruq zonasının yaradılması da nəzərdə tutulmuşdur. Bundan başqa Gəncə çayının sağ və sol sahilləri boyunca 4,3 kilometr ərazidə park-bulvar yaradılacaqdır. Baş planda ekoloji tədbirlərin həyata keçirilməsi, yaşıllıqların, istirahət guşələrinin artırılması da yer almışdır. Şəhərdə mövcud 145 hektar yaşıllıq sahəsi 2 min 251 hektara çatdırılacaqdır. Tikiləcək yeni çoxmərtəbəli binaların yanında avtomobil dayanacaqları, xeyir-şər tədbirlərinin keçirilməsi məqsədilə yerlər, parklar, uşaq meydançaları yaradılacaqdır.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin baş planında bütün məsələlərin öz həllini tapdığını qeyd etmiş, eləcə də 2030-cu ilədək nəzərdə tutulan böyük abadlıq və yenidənqurma işləri barədə ətraflı məlumat vermişdir. Sonra ziyalılar çıxış edərək baş planın şəhər üçün əhəmiyyətindən danışmış, arzu və təkliflərini bildirmişlər. Təkliflər nəzərə alınmaqla Gəncənin baş planının yekun variantı ictimaiyyət nümayəndələri tərəfindən məqbul hesab edilmişdir.

AzərTAc

3 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar