→ MÜSAHİBƏ  /  Bütün xəbərlər  /

Əli HƏSƏNOV: Bakıda sökülən evlərin "Eurovision" mahnı müsabiqəsinə heç bir aidiyyəti yoxdur

Rəsmi Bakı "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı evlərin sökülməsinə dair bəzi xarici KİV-lərdə gedən məlumatları təkzib edir.
"57-ci "Eurovision" mahnı müsabiqəsi çərçivəsində Bakıda heç bir ev, hansısa insanların obyekti sökülməyib, bununla bağlı köçürmə həyata keçirilməyib". Bu barədə bazar ertəsi "Trend"ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov açıqlama vermişdir.
Əli Həsənov bildirmişdir ki, Bakı şəhərində həyata keçirilən söküntülər, infrastrukturların yeniləşdirilməsi, yeni yollar, su, qaz layihələrinin əksəriyyəti Bakı şəhərinin baş planına müvafiq şəkildə, qanunlar çərçivəsində, əvvəlcədən müəyyən olunmuş marşrutlar üzrə və həmin marşrutlara düşən evlərə görə insanlara kompensasiyaların ödənilməsi yolu ilə həyata keçirilir. Bunun nə "Eurovision"a, nə də "Eurovision"un keçiriləcəyi yerin abadlaşdırılmasına aidiyyəti var:
"Bunu etmək istəyənlər bu aksiyanı siyasiləşdirirlər, Azərbaycana "Eurovision" mahnı müsabiqəsindən istifadə edib təyziq göstərmək istəyirlər, bəzi dairələr özlərinin bu və ya digər ambisiyalarını, o cümlədən Azərbaycan dövlətinə, onun enerji və digər sahələrdə həyata keçirdiyi siyasətə təyziq, təsir vasitəsi kimi istifadə etmək sahəsindəki ambisiyalarını "Eurovision"a bağlamaq istəyirlər. Biz bunu birmənalı şəkildə pisləyirik. Biz Avropa musiqi müsabiqəsini layiqli səviyyədə keçirəcəyik və bunun da Azərbaycanda nə hansısa söküntüyə, nə Bakı şəhərinin abadlaşdırılmasına, nə də digər layihələrə heç bir aidiyyəti yoxdur".

 

 

21 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar