→ SƏHİYYƏ  /  Bütün xəbərlər  /

DST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində keçirilən brifinqdə İİV/QİÇS xəstəliyi barədə məlumat verilmişdir

Sentyabrın 14-də Bakıda Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində brifinq keçirilmişdir.
Brifinqdə DST-nin Avropa Regional Bürosunun İİV/QİÇS proqramı üzrə rəhbəri Martin Donaxyu bu xəstəliyin yaranma səbəbləri və profillaktikası barədə məlumat vermişdir. Bildirilmişdir ki, bununla bağlı hazırlanmış tədbirlər planı sentyabrın 15-də sessiya iştirakçılarına təqdim olunacaqdır. Eyni zamanda, noyabrda bu məsələ yenidən müzakirə ediləcək və tövsiyələr hazırlanacaqdır.
Hazırda dünyada 34 milyon insanın İİV infeksiyası daşıdığını, Avropada onların sayının 2 milyona yaxın olduğunu deyən DST-nin proqram rəhbəri xəstələrin 50 faizinin müalicə aldığını bildirmişdir.
Avropanın şərq hissəsində QİÇS xəstəliyinin çox yayıldığını qeyd edən M. Donaxyu dünyada bu xəstəliyin qarşısının alınması və müalicəsi üçün 6 milyard dollar lazım olduğunu demişdir. Proqram rəhbəri profilaktik tədbirlərə üstünlük verilərsə, tələb olunan vəsaitin 4-5 dəfə azaldıla biləcəyini də diqqətə çatdırmışdır.
Brifinqdə DST-nin Azərbaycan nümayəndəliyində yoluxucu xəstəliklər üzrə mütəxəssis Cəvahir Süleymanova bildirmişdir ki, son üç ildə ölkəmizdə vətəndaşların QİÇS-lə yoluxmasında artım müşahidə olunmur. Azərbaycanda indiyədək 3 minə yaxın insan bu xəstəliyə yoluxmuşdur. Hazırda ölkədə bu xəstəlikdən müalicəyə ehtiyacı olan 1100 nəfər xəstə vardır.

15 Sentyabr 2011, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar