→ TƏHSİL  /  Bütün xəbərlər  /

Yurd həsrətindən yaranmış mahnı

Hind fəlsəfəsinin görkəmli nümayəndələri təsdiq etməyə çalışıblar ki, tarix boyu ən uğurlu sənət əsərələrinin kökündə vüsal və həsrət motivləri dayanıb. Üstəlik təsdiq ediblər ki, yurd həsrəti insanı şair də edə bilər, nəğməkar da, rəssam da. Ulu türklər isə sübut ediblər ki, ən gözəl sənət əsərləri Vətəndən ayrı düşəndə və ya yurda qovuşanda yaranır. Əslində hind aqilləri ilə türk müdriklərinin ifadələri üzdə bir az fərqli olsa da, məna etibarilə bir-birini tamamlayır. Azərbaycanlıların son iki əsrdə yaşadığı tarixi proseslər, xüsusən, çoxsaylı köçürmələr, deportasiyalar və qaçqın, köçkün taleyli bu iki məntiqin real həyatdakı təzahürüdür. 
Əslən Qərbi Azərbaycandan - Amasiya bölgəsindən olan mərhum şair Nizami Məmmədcanlının yurd nisgilli, ata-baba ocaqlarının həsrətindən yaranmış şeirlərini oxunaqlı və məzmunlu edən də məhz həsrət, vətəndən ayrı düşmək ağrıları idi. O, iki kitabın və bir çox folklor tədqiqatlarının müəllifi idi. Respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, "Şöhrət" ordenli bəstəkar Tofiq Bakıxanovun musiqi bəstələdiyi "O dağlarda" şeiri də şairin ilk sətirlərində özünə yer tutub. Kitabdakı şeirlərin önündə gedən "O dağlarda"nın öz müəllifinə yenidən bir ömür yaşatmaq imkanı olacaq. Çünki görkəmli bəstəkarın qələmə aldığı bu mahnı dərhal lentə alınmış və Dövlət Radiosunun qızıl fonduna qəbul edilmişdir.
"O dağlarda" mahnısını Azərbaycan Dövlət Filarmoniyası Kapellasının solisti Leyla Dadaşova Bakı Musiqi Akademiyasının dosenti Kəmalə Mirbabayevanın müşayiəti ilə oxumuşdur. Mahnının ansamblla müşayiət edilmək üçün işlənmiş variantı isə bu günlərdə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının ifasında lentə alınacaq. Ansamblın bədii rəhbəri respublikanın xalq artisti, professor Ağasəlim Abdullayevdir. Əminik ki, yurd həsrətli şairin özünün əli çatmayan yerlərə sözlərinə yazılmış mahnılar yetişəcək. Həmin yurd yerlərimiz düşməndən azad ediləndə isə bütün həsrətli soydaşlarımızın ruhu şad olacaq.
O dağlarda
Musiqisi Tofiq BAKIXANOVUN, sözləri Nizami MƏMMƏDCANLInındır.
Qəribsədi göllü yaman,
O dağlarda, o dağlarda.
Yollarını aldı duman,
O dağlarda, o dağlarda.

Nəqarat

Çiçəkləri saçır ətir,
El obada hörmət, xətir.
Sözüm, şeirim sətir-sətir,
O dağlarda, o dağlarda.

Bir çıxaydım İkiqata,
Şehə, suya bata-bata.
Uzaq düşər səndən xata,
O dağlarda, o dağlarda.

Nəqarat

Nizaminin çoxdu dərdi,
Selə düşüb axdı dərdi.
Dağları da yıxdı dərdi,
O dağlarda, o dağlarda.

Nəqarat
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

 

1 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar