→ TƏHSİL  /  Bütün xəbərlər  /

"Onkoloji xəstələrdə iri sümüklərin və oynaqların endoprotezləşdirilməsi" monoqrafiyası nəşr olunmuşdur

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, akademik Məmməd Əliyev və professor Azər Əmiraslanovun birgə yazdıqları "Onkoloji xəstələrdə iri sümüklərin və oynaqların endoprotezləşdirilməsi" monoqrafiyası rus dilində çap olunmuşdur.
ATU-dan AzərTAc-a bildirmişlər ki, müəlliflərin uzunmüddətli tədqiqatları, çoxillik təcrübələri əsasında yazılmış ilk irihəcmli əsər olan bu monoqrafiya məzmun və tərtibatı, elmi yeniliklərinin aktuallığı, əldə olunan nəticələrin səhiyyə praktikasına tətbiqinin əlverişliliyi baxımından tibb elminə dəyərli töhfədir.
Kitabda sümüklərin bədxassəli şişi diaqnozu qoyulmuş xəstələrin endoprotezləşdirilməsinin ümumi məsələləri, insan orqanizmindəki iri oynaqları əmələ gətirən sümüklərin şişləri zamanı endoprotezləşdirilmə probleminin müasir vəziyyəti, bədxassəli sümük şişləri zamanı endoprotezləşdirilmənin nəticələri geniş işıqlandırılmışdır. Müəlliflər tutarlı dəlillərlə sübut edirlər ki, sümük sarkomalarının cərrahi müalicəsi zamanı mövcud dərman preparatları ilə yanaşı, çatmayan sümük qüsurları əvəzinə endoprotezlərdən istifadə olunması xəstələrin ətrafının saxlanılmasına imkan verir, onları şikəstedici təzahürlərdən qoruyur, yenidən fəal həyata qaytarır. Monoqrafiyada geniş şərh edilən bu üsul iri sümüklərinin bədxassəli şişi olan xəstələrin müalicəsində optimal üsul hesab edilir.
"Şərq-Qərb" nəşriyyatında çapdan çıxmış əsərə akademik Cəmil Əliyev və professor Vaqif Verdiyev rəy vermişlər.
Yeni nəşr tibb mütəxəssisləri, həkimlər, müəllim və tələbələr üçün faydalı mənbədir.

AzərTAc

28 Yanvar 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar