→ TƏHSİL  /  Bütün xəbərlər  /

Azərbaycan milli azlıqların təhsilinə xüsusi diqqət göstərir

İyulun 22-23-də ATƏT-in Vyanada yerləşən katibliyində ATƏT məkanında milli azlıqların təhsil problemlərinə həsr olunmuş konfrans keçirilmişdir.
ATƏT-ə üzv olan 56 dövlətin təmsilçilərinin iştirak etdiyi tədbirdə ölkəmizi təhsil nazirinin müavini Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Üzv dövlətlərdə milli azlıqların təhsili, dərsliklərlə təminatı, ali məktəblərə qəbulun vəziyyəti və digər məsələlər konfransda əsas müzakirə mövzuları olmuşdur.
Konfrans zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri E.Qasımov milli azlıqların təhsil məsələləri ilə bağlı Azərbaycan hökumətinin hesabatını təqdim etmişdir. Qeyd edilmişdir ki, çoxmillətli ölkə olan Azərbaycanda azsaylı xalqların hüquqları yüksək səviyyədə qorunur və onların nümayəndələri üçün geniş təhsil imkanları mövcuddur.
Azərbaycan hökumətinin milli azlıqların təhsil məsələləri ilə bağlı yürütdüyü siyasətdən bəhs edən E.Qasımov milli azlıqların təhsil məsələlərinə dövlət səviyyəsində diqqət göstərildiyini, Azərbaycanın bu sahədə nümunəvi ölkə olduğunu vurğulamışdır. Eyni zamanda, milli azlıqların nümayəndələri üçün orta məktəblərdə dərslərin ana dilində tədrisinin təşkil olunduğu, tədris edilən fənlər üzrə dərsliklərin şagirdlərə pulsuz paylandığı diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, ölkədəki xalqlar arasında qarşılıqlı hörmət və tolerantlığın hökm sürməsi polietnik Azərbaycanı regiondakı digər, xüsusilə də tam monoetnik quruluşa malik ölkələrdən fərqləndırən xüsusiyyətlərdəndir.
Konfransda Azərbaycanda milli azlıqların təhsil məsələləri ilə bağlı görülən işlər təqdir edilmiş və bu sahədə bütün öhdəliklərin yerinə yetirildiyi qeyd edilmişdir.
Konfransın sonunda ATƏT-in üzv dövlətləri üçün milli azlıqların təhsil məsələlərinə dair tövsiyə xarakterli qətnamə qəbul edilmişdir.

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana

25 İyul 2010, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS